Ötən gecə Ukrayna PUA-ları Rusiyanın cənubundakı “Ozon” logistika şirkətinin bir neçə böyük anbarına hücum edib. 

“AzPolitika” xəbər verir ki, sosial mediada ilk PUA zərbələrinin Krasnodardakı logistika mərkəzinə dəydiyi barədə məlumatlar yayılıb.

"İlkin məlumata görə, itki yoxdur. Anbarda böyük yanğın baş verib", - şirkət rəsmi məluamt yayıb.

Bu arada, Krasnodar diyarının qubernatoru Veniamin Kondratyevin sözlərinə görə, vurulan dronun qalıqları Krasnodardakı özəl uşaq mərkəzinə düşüb. İki uşaq ölüb, yeddi nəfər yaralanıb.

Daha sonra dronlar Dağıstana - “Ozon”-un Şimali Qafqazdakı ən böyük anbarına zərbə endirib.

"Biz işçiləri tez bir zamanda təxliyə etdik. İlkin məlumatlara görə, bir neçə nəfər yaralanıb və hamısı həkimlər tərəfindən müayinə olunub; onların həyatı və sağlamlığı təhlükə altında deyil. Yanğın başlayıb", - şirkətin mətbuat xidməti qeyd edib.

Bundan əlavə, dünən gecə Adıgeysk və Nevinnomısskdakı “Ozon” anbarları dron təhlükəsi səbəbindən təxliyə edilib. Şirkət təsdiqləyib ki, bu obyektlərdəki işçilər xəsarət almayıb. Adıgey qubernatoru Marat Kumpilov anbarda yanğın baş verdiyini və onun söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin cəlb olunduğunu bildirib.

Son bir neçə gün ərzində Ukrayna dronları iki “Ozon” logistika mərkəzinə hücum edib - biri Samara bölgəsində, digəri isə Orenburqda. Hər iki halda yanğınlar baş verib. “Ozon” Rusiyada ikinci ən böyük logistika mərkəzidir.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri bir ay ərzində ”Wildberries”-in anbarlarını hədəfə alırdı. Ona aid ümumilikdə 12 əsas logistika mərkəzi sıradan çıxarılıb və ya tamamilə məhv edilib. Bu hücumlardan dəyən ziyan təxminən 1 trilyon rubl təşkil edib və şirkət öz logistika potensialının dörddə birini itirib.

“AzPolitika.info”