ABŞ-nin keçmiş kəşfiyyat zabiti Skott Ritter Türkiyə ilə İsrail arasında mümkün qarşıdurma ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Ritter “Daily Beacon” proqramında çıxışı zamanı İsrailin Suriyada Türkiyəni birbaşa hədəf alma riskinə diqqət çəkib. O, belə bir qarşıdurma baş verəcəyi təqdirdə İsrail ordusunun Türkiyə ordusu qarşısında ciddi çətinliklərlə üzləşəcəyini bildirib.

Keçmiş kəşfiyyat zabiti İsrailin Əbu Zühur aviabazasına endirdiyi hava zərbəsinin əsas məqsədinin Türkiyənin bölgədəki mövcudluğunun qarşısını almaq olduğunu iddia edib. Onun sözlərinə görə, İsrail hökumətinin əsas təhlükə qiymətləndirməsində də dəyişiklik baş verib və Türkiyə artıq İranı geridə qoyaraq əsas təhdid kimi nəzərdən keçirilir.

Ritter bildirib ki, İran İsrailə raket zərbələri endirə bilsə də, Türkiyə Suriya-Türkiyə sərhədinə diviziyalar yerləşdirmək imkanına malikdir. Bu səbəbdən onun fikrincə, İsrail Türkiyə ilə birbaşa müharibəyə girmək istəməməlidir.

Skott Ritter İsrail ordusunun real müharibə təcrübəsi və döyüş intizamı baxımından Türkiyə ordusu ilə müqayisədə zəif olduğunu deyib: “İsrail ordusu belə bir real ordu ilə qarşılaşsaydı, məhv edilərdi, Yer üzündən silinərdi. İsrail ordusu ölməyi bilmir. Ən yaxşı döyüşçülərlə danışanda onlar əvvəlcədən həyatda qalmaq ümidindən əl çəkdiklərini və öləcəklərini qəbul etdiklərini deyirlər. Onların əsas məqsədi düşməni öldürmək və tapşırığı yerinə yetirməkdir. Gecələr sağ qalım ümidi ilə yatmırlar. Türklər bunu çox yaxşı bacarırlar”.

ABŞ-li keçmiş kəşfiyyatçı türk əsgərinin döyüş ruhundan danışarkən Çanaqqala və Koreya müharibələrini də nümunə göstərib.

Onun sözlərinə görə, Çanaqqala döyüşlərində türk əsgərinə “Mən sizə hücum əmri vermirəm, ölməyi əmr edirəm” deyilib və əsgərlər əmri yerinə yetirərək döyüşə atılıblar.

Ritter Koreya müharibəsi zamanı da türk əsgərlərinin sursatları tükəndikdə və logistika xətləri kəsildikdə geri çəkilmədiyini, süngü ilə hücumu davam etdirdiyini bildirib. Onun sözlərinə görə, çox sayda əsgər həlak olsa da, təslim olmayıb.

Ritter həmçinin 15 iyul 2016-cı il çevriliş cəhdi zamanı şəhid olan baş çavuş Ömər Halisdəmirin hadisəsini türk əsgərinin xarakterinə nümunə kimi göstərib. Onun sözlərinə görə, Halisdəmir komandirinin əmri ilə qərargahı ələ keçirməyə gələn generalı vurub və bunun nəticəsində özü də həlak olub.

"AzPolitika.info"