Kremlin əsas təbliğatçısı sayılan Dmitri Kiselyov "Rossiya" dövlət televiziya kanalında yekun xəbər proqramının aparıcılığından kənarlaşdırılıb.

“AzPolitika” xəbər verir ki, bu barədə VQTRK rəsmi məlumat yayıb.

Həmin məlumatda deyilir ki, "Vesti Nedeli"nin aparıcısı kimi bundan sonra digər təbliğatçı, Dövlət Dumasının keçmiş deputatı Yevgeni Popov çıxış edəcək. Qeyd edək ki, Popov daha çox təbliğatçı Olqa Skabeyevanın əri kimi tanınır…

Bununla da VQTRK Rusiya Prezident Administrasiyasının 72 yaşlı Kiselyovu 2012-ci ildən bəri aparıcılıq etdiyi xəbər proqramından uzaqlaşdırmaq qərarına gəldiyi barədə şayiələri təsdiqləyib. Belə ki, bundan əvvəl bəzi məlumatlı kanallar Kremlin Kiselyovdan narazı olduğunu və ona qarşı çoxsaylı şikayətlər topladığını bildirimişdilər. Bunlardan biri də "Vesti Nedeli"yə auditoriya marağının azalmasıdır.

Eyni zamanda, VQTRK Kiselyovu tamamilə qovmayacaq. Onun "Rossiya" televiziya kanalında öz publisistik proqramını başladacağı bildirilir.

"Vesti Nedeli" Rusiya dövlət televiziyasının əsas təbliğat proqramlarından biridir və Kremlin Kiselyovla bağlı şikayətlərinə baxmayaraq, ən populyar təbliğat proqramıdır. Məsələn, Mediascope-a görə, 12 iyulda yayımlanan "Vesti Nedeli" verilişi 6,1% əhatə dairəsinə malik olubsa, Vladimir Solovyovun tok-şousunun əhatə dairəsi cəmi 1.7 faiz olub.

Ukraynada müharibə başladıqdan sonra Kiselyov Böyük Britaniyanın nüvə silahı ilə məhv edilməli olduğunu və Avropanı nüvə tozu bürüyəcəyini demişdi.

“AzPolitika.info”