ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff Moskvaya səfər edib. Bu barədə CBS telekanalı və “Axios” portalı anonim mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, bu, Con Retkliffin CIA rəhbəri qismində Rusiyaya ilk məlum səfəridir.

CBS-in jurnalisti Cennifer Ceykobusun məlumatına görə, Retkliff Moskvada rəsmi şəxslərlə görüşlər keçirməli idi. “Axios”un köşə yazarı Barak Ravid isə ABŞ hakimiyyətinin səfər müddətində Ukraynadan Rusiya ərazisinə zərbələri dayandırmağı xahiş etdiyini bildirib. “RBK-Ukrayna” nəşri də öz növbəsində oxşar məlumat yayıb.

“The Wall Street Journal” qəzeti səfərin arxasında duran bir neçə ehtimal olunan səbəb göstərib: bunlar ehtimal edilən növbəti səfərbərlik, Ukraynanın Rusiya ərazisinə hərbi hücumlarının güclənməsi, İran ətrafındakı gərginlik və ya Moskvanın NATO ölkələrinə qarşı ola biləcək potensial təxribat riskləridir.

Kreml jurnalistlərindən biri mənbələrə istinadən bildirib ki, bu görüşlə əlaqədar olaraq Rusiya prezidenti Vladimir Putinin tədbirlər qrafiki dəyişdirilib.

"Qordon" nəşrinin hüquqi informasiya portalına istinadən yaydığı məlumata görə, CIA direktorunun Moskvada olduğu gün – avqustun 25-də Rusiya prezidenti Vladimir Putin üç məxfi fərman imzalayıb. Həmin gün portalda yalnız üç açıq fərman (608, 609 və 610 nömrəli) dərc edilib ki, bunlardan ikisi İrandakı səfirin dəyişdirilməsinə, biri isə əlillər və veteranlar komissiyalarının tərkibinin yenilənməsinə həsr olunub. Sənədlərin nömrələnməsindəki ardıcıllıq digər üç fərmanın gizli saxlanıldığını göstərir.

Xatırladaq ki, səfərədək Moskva hava limanlarından birində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing C-17A” hərbi-nəqliyyat təyyarəsi və diplomatik kortej müşahidə olunub. “Flightradar24” xidmətinin məlumatına görə, həmin təyyarə yerli vaxtla saat 18:40 radələrində Moskvadan havaya qalxıb. Rusiya Müdafiə Nazirliyinin “Zvezda” telekanalı da təyyarənin uçuşunu əks etdirən video yayımlayıb.

ABŞ və Rusiya rəsmiləri hələlik səfərlə bağlı rəsmi açıqlama verməyiblər.

Qeyd edək ki, avqustun əvvəlində ABŞ dövlət katibi Marko Rubio yaxın həftələrdə Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının bərpa olunmasının mümkünlüyünü dəqiqləşdirmək üçün səy göstərəcəklərini bəyan etmişdi. Avqustun 24-də isə Ukraynanın müstəqilliyinin 35-ci ildönümündə BMT-nin 50-dən çox üzv ölkəsi Rusiyanı tam, dərhal və qeyd-şərtsiz atəşkəsə, həmçinin sülh danışıqlarını bərpa etməyə çağırmışdı. Rusiya nümayəndəsi Vasili Nebenzya bu çağırışları rədd edib.

Rasim Əliyev

"AzPolitika.info"