Moskvadan qayıdan Retkliffin 3 saat Trampın yanında olub

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Moskvaya gözlənilməz səfərinin səbəbləri açıqlanıb. “AzPolitika” xəbər verir ki, “Politico” və “The Wall Street Journal” (WSJ) nəşrləri öz mənbələrinə istinadla Retkliffin səfərinin bəzi detallarını açıqlayıblar.

Məlum olub ki, MKİ şefi Ukraynaya qarşı müharibədəki durğunluğu görən Vladimir Putini NATO ölkələrinə hücum etməmək barədə xəbərdar edib. Mənbələrin sözlərinə görə, müzakirə Rusiya ilə həmsərhəd olan Estoniya, Latviya və Litvaya qarşı təcavüzün yolverilməzliyinə yönəlib.

Daha əvvəl WSJ ABŞ kəşfiyyatına istinadla Rusiyanın "NATO-nun qətiyyətini sınamağa və alyansın ölkələrindən birinə qarşı "məhdud hücum" etməyə cəhd edə biləcəyini” yazmışdı. ABŞ hakimiyyəti bunun kiberhücum və ya Baltikyanı dövlətlərdən birinə "kiçik quru müdaxiləsi" ilə əlaqəli ola biləcəyini təxmin edir. WSJ mənbələri qeyd edib ki, Qərb ölkələrində İran və Ukraynadakı müharibənin silah-sursat qıtlığı yaratdığını görən Moskva bu cür təcavüz hərəkətlərinə əl ata bilər.

“Politico” yazır ki, MKİ direktoru NATO-ya qarşı təcavüzə qarşı xəbərdarlıq etməklə yanaşı, Putini İrana hərbi və iqtisadi dəstək verməmək barədə də xəbərdar edib.

Amerika və Rusiya hakimiyyətləri Retkliffin Moskvaya səfərinin nəticələri barədə ətraflı və rəsmi məlumat verməyib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin MKİ direktoru ilə görüşmədiyini və bütün əlaqələrin kəşfiyyat qurumu səviyyəsində olduğunu bildirib. ABŞ Prezidenti Donald Tramp isə Retkliffin səfərini "rutin” adlandırıb.

Lakin “Politico” yazır ki, Moskvadan Vaşinqtona qayıtdıqdan sonra MKİ şefi Prezident Donald Tramp, Pentaqon başçısı Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynin də iştirak etdiyi qapalı görüşdə iştirak edib. Görüş təxminən üç saat davam edib. Müzakirələr və nəticələr barədə məlumat verilmir.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Con Retkliffin Moskvaya səfərindən sonra Belarus Silahlı Qüvvələrinin döyüş hazırlığının təcili yoxlanılmasını əmr edib. Lukaşenkonun hansı məlumat əsasında bu qərarı verdiyi bilinmir.

Əlavə edək ki, MKİ-nin əvvəlki direktoru Uilyam Börns 2021-ci ilin noyabr ayında Moskvaya səfər etmişdi. O, o vaxtkı Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin də daxil olmaqla, Rusiya rəsmiləri ilə görüşmüş, həmçinin Putinlə telefon danışığı aparmışdı. 

CNN-in məlumatına görə, müzakirə mövzusu Ukrayna ilə sərhəddə "Rusiya qoşunlarının hərəkəti" olmuşdu. Börns qonşu ölkəyə müdaxilənin qəbuledilməzliyini bildirmişdi. Lakin buna baxmayaraq, Putin Ukraynaya qarşı işğalçılıq müharibəsinə əmr verdi.

C.Məmmədli

“AzPolitika.info”