Ukraynanın Rusiya ərazisindəki iri elektron ticarət və logistika şəbəkələrinə yönəlik pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirdiyi hücumlar zənciri iki ölkə arasındakı müharibənin iqtisadi müstəviyə daşındığını göstərir. Rusiyanın nəhəng onlayn satış platformaları olan "Wildberries" və "Ozon" şirkətlərinin müxtəlif regionlardakı anbarları arxaya-arxaya hədəf alınır.

Dövlət xəbər agentliyi TASS-ın məlumatına görə, Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya ordusunun cəbhədə irəliləyiş əldə etdiyini iddia edərək müharibənin miqyasını süni şəkildə genişləndirməyə ehtiyac görmədiklərini bildirib. Lakin Peskov Ukraynanın ticarət və iqtisadi infrastruktura hücumlarının cavabsız qalmayacağını və Moskva tərəfindən çox sərt qarşılıq veriləcəyini vurğulayıb.

Rusiya tərəfi Kiev müharibənin mülki iqtisadiyyata təsir edən sahələrinə zərbə vurmaqla "Pandora qutusunu açdığını" bildirir.

Son günlər Rusiyanın müxtəlif bölgələrində yerləşən lojistika mərkəzlərinə kütləvi PUA hücumları qeydə alınıb:

“Ozon” Ufa və Orenburq şəhərlərindəki lojistika mərkəzlərinin dron hücumuna məruz qaldığını təsdiqləyib. Bildirilib ki, hər iki anbarda yanğının qarşısı alınıb və Orenburqdakı mərkəz tezliklə fəaliyyətini bərpa edib. Lakin bundan əvvəl Çapayevsk (Samara) və Adıgey regionlarındakı obyektlərdə ciddi yanğınlar baş vermişdi.

İyul ayından başlayaraq hədəf alınan "Wildberries" platforması ən böyük itkilərə məruz qalan ticarət nəhəngidir. Son olaraq Tambov vilayətinin Kotovsk şəhərindəki 100 min kvadratmetrlik nəhəng lojistika mərkəzi PUA zərbəsi nəticəsində tamamilə yanaraq külə dönüb.

Kiyev tərəfi bu obyektlərin cəbhədəki Rusiya ordusuna ikili təyinatlı mallar (hərbi geyim, rabitə avadanlığı, dron hissələri və s.) tədarük etdiyini və hərbi lojistikanın bir hissəsinə çevrildiyini iddia edir. Ukrayna Müdafiə Nazirliyi bu əməliyyatları "uzunmənzilli sanksiyalar" adlandıraraq, məqsədin Rusiyanın müharibə iqtisadiyyatını və təchizat zəncirini iflic etmək olduğunu bildirir.

Analitiklərin qiymətləndirməsinə görə, Rusiya bazarında yüz milyardlarla rubl zərərə yol açan bu hücumlar sivil logistika sektorunda böyük sığorta və tədarük krizisi yaradıb.

Rasim Əliyev

“AzPolitika.info”