Rusiyalılar sürətlə banklardakı əmanətlərini çıxarmağa başlayıblar. 2026-cı ilin iyul ayında 301 kredit təşkilatından ən azı 152-sində, yəni hər iki bankdan birində müştəri əmanətlərində azalma müşahidə olunub.
“AzPolitika” xəbər verir ki, bu barədə “RBC” bank hesabatlarına istinadla məlumat yayıb.
İyun ayında 138 bankda, may ayında isə 134 bankda xalis pul axını müşahidə olunub. Bu, son illərin rekord göstəricisidir.
Ümumilikdə, Mərkəzi Bank banklardan əmanətlərin axınını müşahidə etmədiyini bildirir. Eyni zamanda, inFOM-un avqust ayında apardığı sorğuya görə, bank hesablarını ən yaxşı əmanət forması hesab edən rusların payı 36%-ə düşüb ki, bu da 2022-ci ilin dekabrından bəri ən aşağı göstəricidir. Nağd pulu ən yaxşı əmanət forması adlandıran vətəndaşların payı isə əksinə, 2022-ci ilin payızından bəri ən yüksək səviyyəyə - 37%-ə yüksəlib. Rusların daha 11%-i əmanətlərinin bir hissəsini banklarda, digər hissəsini isə nağd şəkildə saxlamağı seçib.
Daha əvvəl, rusların bank əmanətlərinin təxminən yarısını saxlayan Sberbankın rəhbəri Qerman Qref iyul ayında vəsaitlərin "əhəmiyyətli dərəcədə axını" barədə məlumat vermişdi.
Mərkəzi Bankın məlumatına görə, fevraldan iyul ayına qədər olan altı ay ərzində ruslar banklardakı depozitlərdən və cari hesablardan təxminən 2,6 trilyon rubl çıxarıblar, dövriyyədəki nağd pulun həcmi isə 21,5 trilyon rublu keçib.
Bu tendensiyaya ƏDV-nin 22%-ə qədər artması, ƏDV-dən azad olan müəssisələr üçün maksimum gəlirin 60 milyon rubldan 20 milyon rubla endirilməsi, mobil internetin bağlanması və əmanətlərin mümkün dondurulması ilə bağlı xəbərlər təsir edib.
Eyni zamanda, Rosstat məlumatlarına görə, 2026-cı ilin birinci yarısında vətəndaşların əmanətlərə ayırdıqları gəlirin payı 10%-dən 4,4%-ə düşüb. Bu azalma xərclərin sürətli artması ilə əlaqədardır. Bundan əlavə, son sorğuya görə, rusiyalıların 58%-nin "əsas gəlirlərinin itirilməsi halında bir müddət yaşamaq üçün” kifayət qədər nağd pulu yoxdur.
“AzPolitika.info”

Şərhlər