Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya Silahlı Qüvvələrinin yüksəkrütbəli hərbçisinin yerləşdiyi şəxsi avtomobil partladılıb. Hadisə nəticəsində avtomobildə olan rusiyalı zabit həlak olub, onun həyat yoldaşı isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Rusiya mediasının ("Fontanka" və "Baza" teleqram kanalları) yaydığı məlumata görə, partlayış avqustun 27-si səhər saatlarında Sankt-Peterburqun Slavyanka mikrorayonunda, Kolpino şosesində qeydə alınıb.

Sükan arxasında Rusiya ordusunun podpolkovniki olub. Adı hələlik ictimaiyyətə açıqlanmayan zabit aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Onun yanındakı oturacaqda olan həyat yoldaşı isə kəllə-beyin travması və müxtəlif dərəcəli yanıqlarla təcili olaraq reanimasiyaya qaldırılıb.

Hüquq-mühafizə orqanlarının ilkin versiyasına görə, avtomobilin altına və ya salona əldə düzəlmə partlayıcı qurğu quraşdırılıb və nəqliyyat vasitəsi hərəkətə başlayan zaman işə düşüb. Partlayışın gücündən nəqliyyat vasitəsi tamamilə sıradan çıxıb, ətrafdakı bəzi obyektlərə də ziyan dəyib.

"Agentstvo" nəşrinin verdiyi məlumata görə, partlayışın baş verdiyi mikrorayon xüsusilə Rusiya Müdafiə Nazirliyinin hərbçiləri və onların ailələri üçün inşa edilmiş yaşayış komplekslərinin yerləşdiyi ərazi kimi tanınır.

Hazırda Rusiya İstintaq Komitəsi faktla bağlı "qəsdən adam öldürmə" və "qanunsuz partlayıcı maddə dövriyyəsi" maddələri ilə cinayət işi qaldırıb. Hadisə yerində kriminoloqlar və təhlükəsizlik xidmətinin (FSB) əməkdaşları işləyir. Qəsdin arxasında Ukrayna xüsusi xidmət orqanlarının durub-durmadığı araşdırılır.

Rasim

“AzPolitika.info”