Ukrayna Silahlı Qüvvələri növbəti dəfə Moskvaya, Rusiyanın digər bölgələrinə və ilhaq edilmiş Krıma dron hücumu edib. 

“AzPolitika” xəbər verir ki, bu barədə sosial mediada görüntülər yayımlanıb. Sevastopoldakı "hakimiyyət orqanları" bildirib ki, bir dron beşmərtəbəli yaşayış binasının girişinə dəyib və nəticədə bir mənzil yanıb. İki nəfər yaralanıb.

Sevastopolun "qubernatoru" Mixail Razvojayevin sözlərinə görə, dronlar "köhnə saxlama çənlərinə" (sisternalara) dəyib. "Onlarda aktiv yanacaq yox idi - yalnız texniki qalıqlar var idi", - deyə o bildirib. Razvojayevin sözlərinə görə, vurulan başqa bir dronun parçaları otel ərazisinə düşüb. Razvojayev yazıb ki, orada yanğın baş verib, lakin otel işçiləri tərəfindən söndürülüb və heç kim xəsarət almayıb.

Moskva meri Sergey Sobyanin Rusiya paytaxtına yaxınlaşarkən iki dronun vurulduğunu bildirib.

Yaroslavl vilayətinin qubernatoru Mixail Evrayev sosial mediada Yaroslavldan Moskvaya gedən yolun "təhlükəsizlik səbəbləri ilə" bağlandığını açıqlayıb. Regional hakimiyyət orqanları belə xəbərləri adətən Yaroslavl Neft Emalı Zavodu da daxil olmaqla, sənaye zonalarına dron hücumları zamanı verirlər. Evrayev heç bir ziyan və ya itki barədə məlumat verməyib.

Ukraynanın monitorinq kanalları Yaroslavl bölgəsindəki Slavneft-Yanos neft emalı zavoduna hücum və yanğın barədə məlumat verirlər. Monitorinq kanalları bildirir ki, Moskva vilayətinin Pavlovski Posad şəhərindəki "Maqnit" supermarketinə pilotsuz təyyarənin qalıqları düşüb. Əlavə məlumat verilmir.

Telegram kanalları həmçinin Rusiyanın Saratov bölgəsinin gecə hücuma məruz qaldığını bildirir. Hücumun Engels-2 aviabazasını hədəf aldığı ehtimal olunur.

Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, Krasnodar, Soçi, Penza, Saratov, Samara, Ulyanovsk, Saransk, Kaluqa, Tambov, Yaroslavl, Kirov və İvanovo hava limanlarında məhdudiyyətlər tətbiq edilib.

Əlavə edək ki, ötən gecə Rusiya da Ukraynanın mülki infrastrukturuna, “Novaya Poçta” logistika mərkəzinə zərbələr endirib.

“AzPolitika.info”