Vladimir Putinin müharibənin bitməsini müzakirə etmək üçün ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski ilə görüşməsi "tamamilə mənasızdır".

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya mediasına açıqlamasında deyib.

"Dövlət başçısımızın mövqeyini yaxşı bilirsiniz: belə bir görüş yalnız əldə edilmiş razılaşmaların rəsmiləşdirilməsi üçün mümkündür. Bu, sadə bir razılaşma deyil, çox sayda detaldan ibarət çox mürəkkəb bir həll prosesidir", - deyə o, bildirib.

Eyni zamanda, o iddia edib ki, Kiyev guya hərbi münaqişənin "real həllində" maraqlı deyil.

Kreml sözçüsü bu açıqlamanı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin 25 avqustda Moskvaya gözlənilməz səfəri zamanı üç ölkə liderinin zirvə görüşünün keçirilməsini təklif etməsi barədə suala cavab olaraq verib. Qeyd edək Retkliffin Putinə belə bir təklif verdiyini “Axios” öz mənbələrinə istinadla yazmışdı. Tramp hələ 2025-ci ilin avqustunda Putin və Zelenski ilə üçtərəfli zirvə görüşünün hazırlıqlarına başladığını bildirmişdi. O, bunu iki həftə ərzində keçirməyə ümid edirdi. Lakin görüş hələ də baş tutmayıb.

Bu ilin iyun ayının əvvəlində Zelenski Putinə açıq məktub ünvanlayaraq, müharibəyə son qoymaq üçün şəxsi görüş təklif etmişdi. Putin məktubda "kobudluq elementləri" gördüyünü bildirmiş və müxtəlif bəhanələrlə görüşdən imtina etmişdi. O, həmçinin Rusiya ordusuna müraciət edərək onları cəbhə xəttində "işləməyə" çağırmışdı.

“The Wall Street Journal” isə öz mənbələrinə istinadla yazıb ki, Tramp ən yaxın köməkçilərinə və hərbi komandirlərinə əvvəlcədən məlumat vermədən Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunu şəxsən Moskvaya göndərib. Səfəri zamanı Retkliff SVR və FSB direktorları Sergey Narışkin və Aleksandr Bortnikovla görüşüb.

“Axios” mənbələri bildirib ki, o, Rusiya kəşfiyyat xidmətlərinin rəhbərlərinin Putini müharibəyə son qoymaq üçün danışıqlara qayıtmağa inandıra bilib-bilmədiyini müəyyən etməyə çalışıb.

“The New York Times”-ın məlumatına görə isə Retkliff Bortnikova Rusiya ordusu və iqtisadiyyatının perspektivlərinin "kədərli qiymətləndirilməsini" təqdim edib və nə qədər ki çox gec deyil, razılaşma əldə etməyə çağırıb. Lakin göründüyü kimi, bütün bu çağırış və təkliflər heç bir nəticə vermir.

MKİ direktorunun Moskvaya səfərindən sonra Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirill Budanov sentyabr ayında ABŞ-nin vasitəçiliyi ilə müharibə aparan ölkələrin nümayəndə heyətlərinin görüşünün keçirilə biləcəyini açıqladı. Lakin Kiyev Putinin sülhə hazırlığına şübhə ilə yanaşır.

Budanovun müavini Pavlo Palisa bildirib ki, Rusiya Prezidenti orduya Kiyev və Çerniqov istiqaməti də daxil olmaqla, Şimali Ukraynada bir neçə hücum ssenarisi hazırlamağı tapşırıb. Kreml həmçinin təxminən 20%-i Ukrayna Silahlı Qüvvələrinin nəzrətində olan Donbasın tam təslim edilməsində israr edir.

Bütün bunlar bir daha Kremlin yaxın zamanda bu qanlı işğalçılıq müharibəsini bitirmək fikrində olmadığını göstərir.

C.Məmmədli

“AzPolitika.info”