Son zamanlar Azərbaycanda sənədsiz yaşayış evləri mövzusu yenidən gündəmə gəlib. Yüzminlərlə fərdi yaşayış evlərinin sənədləşdirilməməsi əhali üçün ciddi problem olaraq qalır. Müvafiq orqanlar isə sanki bu problem həll etməyə tələsmirlər…

“AzPolitika” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu mövzuyla bağlı paylaşımında dövlət qurumlarının məsuliyyəti mövzusuna toxunub: “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev, sitat:

“Sənədsiz fərdi yaşayış evlərini iki əsas kateqoriyaya bölmək mümkündür. Birinci qrupa müəyyən sənədləri olan, lakin həmin sənədləri hüquqi baxımdan legitim hesab edilməyən evlər daxildir.

İkinci qrupa isə ümumiyyətlə heç bir hüquqmüəyyənedici sənədi olmayan və özbaşına inşa edilmiş tikililər aiddir. Tikilinin özbaşına hesab olunması üçün üç əsas meyar mövcuddur:

- tikinti üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa edilməsi;

- qanunvericiliklə tələb olunan icazələr alınmadan tikilməsi;

- tikinti norma və qaydalarının pozulması.

Bu meyarlardan hər hansı biri mövcud olduğu halda tikili özbaşına tikinti hesab olunur. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ yaranmır”.

Hörmətli Mətin müəllim, vətəndaşların məsuliyyətini sadalamısınız, bütün günahı vətəndaşa yükləmisiniz, yaxşı, ölkədə 500 minə yaxın sənədsiz ev varsa, bunun bütün günahı vətəndaşdadırmı?!

Bu şəraitin yaranmasına görə hansı dövlət-hökumət qurumları, necə məsuliyyət daşımalıdırlar?! Əgər sənədsiz evə dövlət şirkətləri tərəfindən sayğac qoyub illərdir işıq-qaz-su satılıbsa, bu xidmət üçün dövlət şirkəti haqqını alıbsa, bu zaman vətəndaşın mülkiyyət hüququ yaranmırmı?! Yaxşı, qanunsuzdursa, niyə kommunal xidmət göstərib pulunu almısınız?! Vətəndaş illərlə kommunal xidmət ödəyibsa, bu ona hansısa üstünlüklər verirmi?!

Sistem, yanaşma birtərəfli ola, bütün məsuliyyət vətəndaşa yüklənə bilməz – vətəndaş evi tikəndə nəzarət etməli olan orqanlar hara baxıb? Niyə göz yumub? Bu sullara aydın, ədalətli cavablar olmalıdır, onillərdir yaranmış bu problemdə tək günahkar vətəndaş ola bilməz. Səlahiyyəti olanların da məsuliyyəti olmalıdır, məsələnin həlli yolu “əmlak amnistiyasından” keçir və bu “amnistiya” səlahiyyəti olanların məsuliyyət haqqı olmalıdır…”.

“AzPolitika.info”