Nepal və Tibetdə baş verən qəfil daşqınlar nəticəsində həlak olanların sayısı 750 nəfərə çatıb, 3 mindən çox şəxs isə itkin düşüb. Qırmızı Xaç Cəmiyyətinin qiymətləndirmələrinə görə, təbii fəlakətdən 90 mindən çox insan zərər çəkib.

Rəsmi məlumatlara əsasən, Nepal tərəfindən 734 nəfər həlak olub, ən azı 2498 nəfər itkin düşüb. Çin tərəfində (Tibet) isə 16 nəfər ölüb, 546 nəfərin taleyi məlum deyil. İtkin düşənlər arasında yüzlərlə xarici ölkə vətəndaşı var.

Həlak olanların sayının çoxluğu səbəbindən Nepalda meyitxanalar dolub. Çürüməyə başlayan və kimliyi müəyyən edilməyən yüzlərlə cəsədin kütləvi dəfninə başlanılıb. Meyitlər torpağa tapşırılmazdan əvvəl şəkilləri çəkilir və gələcəkdə yaxınlarının tanıya bilməsi üçün DNT nümunələri götürülür. Hüquq-mühafizə orqanlarından bildirilib ki, tapılan cəsədlərin yarısından çoxunu aldığı xəsarətlərə görə tanımaq mümkün deyil.

Bölgədə fəlakət nəticəsində bənd gölü yaranıb. Çin hakimiyyəti gölün daşdığını, lakin vəziyyətin nəzarət altında olduğunu bildirir. Bununla belə, əlverişsiz hava şəraiti və yeni daşqın riski səbəbindən xilasetmə əməliyyatları vaxtaşırı dayandırılır.

Fəlakətin dəqiq səbəbləri araşdırılır. Alimlərin ilkin ehtimalına görə, faciə Nepaldakı Lanqtanq-Lirunq zirvəsinin şimal yamaclarında böyük buz və qaya kütləsinin uçması ilə başlayıb. Uçqun Lhende-Xola çayına tökülərək güclü daşqına səbəb olub. Çin mütəxəssisləri isə daşqının qlobal istiləşmənin uzunmüddətli fəsadları nəticəsində buzlaqların sabitliyini itirməsindən qaynaqlandığını vurğulayırlar.

Rasim

“AzPolitika.info”