“Beyləqan rayonu Milabad qəsəbəsində yerləşən Vilayət Cəfərov adına tam orta məktəb qəzalı vəziyyətdədir. Məktəbi qrunt suları basıb, həyət, sinif otaqlarında döşəmələrin altı şor su ilə dolub. Divarlar çat-çatdır. Acınacaqlı vəziyyətə görə şagirdlər dərsə getmək istəmirlər...”

"AzPolitika" xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya qəsəbə sakinləri müraciət edib.

Onların sözlərinə görə, rütubət, nəmişlik bir yana, məktəbin tavanı da uçma həddindədir: 

“Məktəb əvvəllər uşaq bağçası olub, 1993-cü ildən təhsil müəssisəsi kimi fəaliyyət göstərir. İllərdir bu məktəbdə oxuyan şagirdlərimiz ali məktəbə qəbul olub. Bir neçə şəhidimiz də bu məktəbin yetirməsidir.

Məktəb köhnə tikilidir, bünövrəsi də yoxdur. Tavanı çökmək üzrədir. Hər an uşaqların başlarına uça bilər. 300 uşaq, onların valideynləri təlaş içərisindədir. Xahiş edirik, bizə kömək edin”.

Şikayətlə bağlı Mil-Muğan Regional Təhsil İdarəsinə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, idarənin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni məktəb binalarının inşası və mövcud binaların əsaslı təmiri əsas prioritet istiqamətlərdəndir: “Beyləqan rayonu Vilayət Cəfərov adına Milabad qəsəbə tam orta ümumtəhsil məktəbinin mövcud vəziyyəti ilə bağlı məlumatlıyıq. Məktəbin yerləşdiyi ərazidə yaranan qrunt suları ilə bağlı məsələ diqqətdə saxlanılır.

Ərazidə qrunt sularının yaratdığı problemin aradan qaldırılması və məktəbin normal fəaliyyətinin təmin olunması məqsədilə müvafiq drenaj işlərinin aparılması nəzərdə tutulur. Görüləcək tədbirlər nəticəsində ərazidə suyun yığılmasının qarşısının alınması və məktəbin fəaliyyətinin daha əlverişli şəraitdə davam etdirilməsi təmin ediləcək.

Şagirdlərin təhsil prosesinin fasiləsizliyi və təhlükəsiz təhsil mühitinin təmin olunması Mil-Muğan Regional Təhsil İdarəsinin diqqət mərkəzindədir”.