Son günlər "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) vətəndaşlardan Bakı–Tbilisi–Bakı marşrutu ilə bağlı səfərlərə saxta biletlərin satışı ilə bağlı müraciətlər daxil olur.
"AzPolitika" xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, bəzi turizm şirkətləri və sosial şəbəkə hesabları mövcud olmayan yerlər üzrə sərnişinlərə saxta biletlər təqdim edir.
"Bununla bağlı hüquq-mühafizə orqanlarına tərəfimizdən müvafiq qaydada müraciət olunur, araşdırma aparılır, sui-istifadə hallarının qarşısı mütəmadi qaydada alınır, saxtakarlıq edən şəxslər və səhifələrin müəyyən edilərək hüquqi qaydada cəzalandırılması təmin edilir. Bir daha bildiririk ki, ADY bu marşrut üzrə heç bir turizm şirkəti və ya vasitəçi ilə əməkdaşlıq etmir və bilet kvotası ayırmır. Biletləri yalnız ADY-nin rəsmi saytı, "ADY Mobile" tətbiqi və dəmiryol kassaları vasitəsilə əldə etməyi tövsiyə edirik", - məlumatda qeyd olunub.

Şərhlər