ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner yaxın günlərdə Kiyevə səfər edəcəklər.
“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib. Zelenskinin sözlərinə görə, onların Moskvada da görüşü planlaşdırılır. "İlkin tarixlər var. Amerika Prezidentinin nümayəndələrini burada, Kiyevdə gözləyirik. Onlar Moskvada və Kiyevdə görüşlər olacağını təsdiqləyiblər. Yaxın günlərdə görüş gözləyirik", - deyə Zelenski Amerika tərəfi ilə danışıqlar aparan komandası ilə görüşdən sonra bildirib. Zelenski həmçinin "Amerikanın aktiv qalmasının" vacibliyini vurğulayıb.
Bundan öncə Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında çıxış edərək Ukraynadakı müharibənin həlli üçün şansların olduğunu bildirib: "Bu məsələnin həllinə töhfə verməyə çalışan hər kəsə minnətdarıq. Şans varmı? Mənim fikrimcə, bəli, var".
Putin münaqişənin həllində əsas rolun birbaşa Rusiya və Ukraynaya məxsus olduğunu, digər ölkələrin isə onun fikrincə, prosesi yalnız asanlaşdıra biləcəyini vurğulayıb. "Əvvəlcə Rusiya və Ukrayna razılığa gəlməlidir və təkcə ABŞ deyil, bütün digər ölkələr də dəstəkləməyə və kömək etməyə hazırdır", - deyə o əlavə edib.
Daha əvvəl Ukrayna Prezident Aparatının rəhbəri Kirill Budanov ABŞ-nin vasitəçiliyi ilə Ukrayna və Rusiya nümayəndə heyətlərinin görüşünün sentyabr ayında keçirilə biləcəyini açıqlamışdı. Lakin Kiyev Kremlin sülhə hazırlığına şübhə ilə yanaşır. Budanovun müavini Pavel Palisa bildirib ki, Putin hərbçilərə Kiyev və Çerniqov istiqaməti də daxil olmaqla, Ukraynanın şimalında bir neçə hücum ssenarisi hazırlamağı tapşırıb. Kreml həmçinin bütün Donbasın ələ keçirilməsində də israr edir.
“AzPolitika.info”

Şərhlər