Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin tikintisi davam etdirilir.

"AzPolitika" xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Aparat rəhbəri Cəmşid Əmirov jurnalistlərə açıqlamasında bildirib.

Bundan başqa, onun sözlərinə görə, bölgədə "Azərbaycan məhəlləsi"nin inşası ilə bağlı əsas icraçı qurum olan MİDA Heydər Əliyev adına ibtidai məktəbin və uşaq bağçasının, eyni zamanda, ümumilikdə 26 binadan ibarət 4 yaşayış məhəlləsinin tikintisini tam başa çatdırıb.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Yeraltı təkanlar ölkənin 11 əyalətini və qonşu dövlətləri belə silkələyib. Bir neçə saat ara ilə 105 saniyə davam edən iki zəlzələ nəticəsində 53 min 537 nəfər həlak olub, 107 min 213 nəfər isə müxtəlif xəsarətlər alıb. Yeraltı təkanlar zamanı 39 minə yaxın bina yerlə-yeksan olub.

Prezident İlham Əliyevin tapşırığına əsasən isə Azərbaycan zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində yeni yaşayış məhəlləsinin tikintisinə dəstək verib. Bundan başqa, zəlzələdən sonra bölgədə sürətlə davam edən bərpa və quruculuq işlərində Türkiyəyə dəstək göstərilməsi məqsədilə Azərbaycan tərəfindən yardım ayrılıb. Türkiyə hökumətinin təklifi ilə "Azərbaycan bulvarı"nın da yerləşdiyi ərazisi "Azərbaycan Məhəlləsi" adlandırılıb.