"MİDA-nın yenilənmiş modeli sosial mənzil siyasətində etimadın növbəti mərhələsini formalaşdırır".

"AzPolitika" xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında deputat Rövşən Muradov deyib.

Asan şərtlərlə mənzilə sahib olmaq mümkündür? - Yeni model

O bildirib ki, MİDA-nın sonuncu satış prosesi çərçivəsində Lənkəran, Şirvan və Yevlax yaşayış kompleksləri üzrə 535 güzəştli mənzilin vətəndaşlara təqdim olunması Agentliyin idarəetmə mexanizmlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir:

"Mənzillərin qısa müddətdə seçilməsi, ilk növbədə, sosial mənzil layihələrinə böyük ictimai tələbatın ifadəsidir. Burada həlledici meyar satışın sürətindən daha çox bütün müraciətçilər üçün bərabər rəqəmsal imkanın yaradılması, əməliyyatların elektron izinin saxlanılması və kənar müdaxilə imkanlarının məhdudlaşdırılmasıdır. Seçim prosesinə aidiyyəti təhlükəsizlik və rəqəmsal inkişaf qurumlarının, həmçinin media nümayəndələrinin iştirakı ilə real vaxt rejimində nəzarət edilməsi, xüsusi proqram təminatları vasitəsilə sürətləndirilmiş seçim cəhdlərinin qarşısının alınması, ünvan üzrə mərhələli axtarışın tətbiqi və mənzil sifarişi ərizəsinin ayrıca imzalanması tələbinin aradan qaldırılması sistemin daha çevik, şəffaf və etibarlı fəaliyyətini təsdiqləyir.

Bu texnoloji yanaşmanı hüquq-mühafizə tədbirləri tamamlayır. Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən MİDA adından saxta müqavilələrin hazırlanması və vətəndaşlara növbədənkənar mənzil vəd edilməsi faktları üzrə iki şəxsin istintaqa cəlb olunması dövlətin bu sahədə prinsipial mövqeyini nümayiş etdirir. Aşkarlanan 472 saxta müqavilə və 1 000-9 000 manat arasında dəyişən "ödəniş" epizodları riskin əsas mənbələrindən birinin rəsmi platformadan kənarda qurulan dələduzluq sxemləri olduğunu göstərir".

Deputatın sözlərinə görə, həyata keçirilmiş əməliyyat kənar saxtakarlıq cəhdlərinin vaxtında aşkarlanmasını və hüquqi məsuliyyət mexanizminin işləkliyini təsdiqləyir:

"Bu baxımdan MİDA vasitəsilə mənzil əldə etmək prosesi rəsmi elektron xidmətlərdən istifadə olunduğu halda hüquqi və texnoloji cəhətdən təhlükəsizdir. Keyfiyyət sahəsində də nəzərəçarpan institusional inkişaf müşahidə olunur. Mənzillərin tam təmirli, mətbəx mebeli, kombi sistemi və kommunal sayğaclarla təchiz edilməsi, mülkiyyət çıxarışlarının və Fövqəladə Hallar Nazirliyinin müsbət rəylərinin mövcudluğu onların texniki və hüquqi hazırlığını göstərir. Minimum 10 faizlik ilkin ödənişin mənzilin qiymətindən asılı olaraq təxminən 5.5-10.9 min manat təşkil etməsi minlərlə ailə üçün mənzil mülkiyyətinə real çıxış yaradır. Artıq 16 511 mənzilin tamamlanması və 11 921 vətəndaşın mənzil əldə etməsi MİDA-nın Prezident İlham Əliyevin sosial dövlət siyasətinin vətəndaş rifahına çevrilən ən mühüm institusional mexanizmlərindən biri olduğunu təsdiqləyir. Layihələrin regionlarda genişləndirilməsi, satışdan sonrakı keyfiyyət nəzarətinin gücləndirilməsi və rəqəmsal şəffaflığın davamlı qorunması bu sosial təşəbbüsün gələcək təsirini daha da artıracaq".