ABŞ kəşfiyyatının son hesabatlarına əsaslanan “The New York Times” (NYT) qəzeti yazır ki, İran Yaxın Şərqdəki hədəfləri vurmaq imkanlarına artıq daha çox əmindir. Tehran Prezident Donald Trampın siyasi mövqeyini ağırlaşdırmaq məqsədilə Vaşinqtonla münaqişəni aylarla uzatmağı planlaşdırır.

"AzPolitika" xəbər verir ki, kəşfiyyat qiymətləndirmələri döyüş meydanındakı reallıqları əks etdirir. Müəyyən sakitlik dövründən sonra hərbi toqquşmalar yenidən şiddətlənib: son bir həftə ərzində İran Hörmüz boğazındakı gəmilərə və bölgədəki ABŞ hərbi heyətinə hücumlar təşkil edib. Birləşmiş Ştatlar isə öz növbəsində İran ərazisinə zərbələr endirib və nəticədə həm hərbi qulluqçular, həm də mülki şəxslər həlak olub.

Mütəxəssislərin fikrincə, tərəflərin qarşılıqlı zərbələri hələlik məhdud xarakter daşısa da, kəşfiyyat məlumatları İranın mühafizəkar rəhbərliyinin hərbi əməliyyatları əhəmiyyətli dərəcədə genişləndirməyi nəzərdən keçirdiyini göstərir. Aylarla davam edən lokal döyüşlərdən sonra Tehran öz hərbi potensialını daha yaxşı qiymətləndirir və bölgədəki Amerika obyektlərini dəqiqliklə vurmaq qabiliyyətinə arxalanır.

Analitiklər münaqişəni yaxın vaxtlarda dayandırmağın çətin olacağını bildirirlər. İranın ABŞ ilə kompromisə getmək niyyətində olduğunu göstərən heç bir əlamət yoxdur. Əksinə, Tehran ABŞ-də keçiriləcək aralıq seçkilər ərəfəsində Tramp administrasiyasının daxili siyasi problemlərini dərinləşdirmək üçün gərginliyi artırmaqda maraqlı görünür.

Donald Tramp da hələlik danışıqlar masasına oturmağa həvəs göstərmir. O, iqtisadi təzyiqlər vasitəsilə İranı Hörmüz boğazına nəzarət və nüvə proqramı məsələlərində güzəştə məcbur edə biləcəyinə inanır. Lakin ekspertlərin qənaətinə görə, tətbiq edilən sanksiyalar qısa müddətdə vəziyyəti daha da kəskinləşdirə bilər.

Rəsmilər bildirirlər ki, İran növbəti həftələrdə İordaniyadakı hərbi bazaya hücum edərək üç Amerika hərbçisinin ölümünə səbəb olan, Hörmüz boğazında gəmiçiliyi iflic edən və Küveytdəki infrastrukturu hədəf alan iyul ssenarisini təkrar edə bilər.