“Sabah” futbol klubu uşaq futbolunun davamlı inkişafını təmin etmək məqsədilə 10 milyon manatlıq yeni proqram yaradacaq. Vəsaitin futbol infrastrukturunun inkişafına, istedadlı uşaqların aşkarlanmasına və onların peşəkar hazırlığına yönəldilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 27 avqust 2026-cı il tarixli Sərəncamı ilə “Sabah” FK-ya UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə 5 milyon manat maliyyə dəstəyi ayrılıb. “Sabah” FK isə bu vəsaitə əlavə olaraq öz vəsaitindən 5 milyon manat ayırmaq qərarına gəlib. Beləliklə, “Sabah Football Academy Future Talents” – “Sabah Futbol Akademiyası Gələcəyin İstedadları” proqramının ilkin kapitalının 10 milyon manat olması nəzərdə tutulur.
Klubun açıqlamasına görə, əsas məqsəd bu vəsaiti xərcləmək deyil, qorumaq və artırmaqdır. Vəsaitin peşəkar şəkildə idarə olunaraq gəlir gətirməsi və əldə edilən gəlirin uzunmüddətli perspektivdə gənc futbolçuların inkişafına yönəldilməsi planlaşdırılır.
Bundan əlavə, bu il UEFA Çempionlar Liqasında keçiriləcək oyunlarda bilet satışından əldə olunan vəsaitin müəyyən hissəsinin də proqrama yönəldilməsi nəzərdə tutulur. Proqram çərçivəsində futbol infrastrukturunun inkişaf etdirilməsi, istedadlı uşaqların aşkarlanması və peşəkar hazırlığı, müasir məşq metodlarının tətbiqi, idman elmi, tibbi təminat, performans analitikası, təhsil və fərdi inkişaf proqramlarının gücləndirilməsi planlaşdırılır.
Uzunmüddətli perspektivdə “Sabah” Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində fəaliyyət göstərən akademiyalar, futbol məktəbləri və klublarla əməkdaşlığı genişləndirməyi və akademiyanı regionun aparıcı futbol inkişaf mərkəzlərindən birinə çevirməyi planlaşdırır. “Sabah Football Academy Future Talents” proqramının fəaliyyət prinsipləri, idarəetmə modeli, tərəfdaşlıq mexanizmləri və gələcək inkişaf istiqamətləri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.
Bu barədə “AzPolitika”ya açıqlama verən futbol mütəxəssisi Aslan Kərimov bildirib ki, 10 milyon manatın uşaq futboluna yatırılması müsbət addımdır.

Onun sözlərinə görə, vəsaitin düzgün istiqamətlərə yönəldilməsi əsas şərtdir: "Bu vəsaitin klubun inkişafına, müsbət mənada, təbii ki, təsiri olacaq. Çünki 10 milyon manat uşaq futbolu üçün çox da böyük məbləğ deyil. Ümumiyyətlə, akademiya üçün də böyük məbləğ sayılmır. Amma bunu Azərbaycanla müqayisədə demirəm. Avropa standartları ilə müqayisə etsək, yaxşı bir məbləğdir. Burada əsas məsələ 10 milyon manatın düzgün istiqamətə xərclənməsidir. Söhbət yalnız oyunçuların xaricə göndərilməsindən və turnirlərdə iştirakından getmir. Burada infrastrukturun qurulması, meydançaların tikilməsi, daha sonra isə oyunçular üçün xüsusi inkişaf planlarının hazırlanması və həmin planların həyata keçirilməsi vacibdir".
Futbol mütəxəssisi də diqqətə çatdırıb ki, bu inkişaf planının daxilində beynəlxalq oyunlar məsələsi, uşaqlara məşq keçən məşqçi heyəti və onların inkişafına nəzarət kimi məsələlər var: "Bütün bunları nəzərə alsaq, ümumilikdə bu investisiyanın müsbət təsiri ola bilər. Akademiyalarda yetişən oyunçuların gələcəkdə satılması da klub üçün maliyyə gəliri yarada bilər. Belə bir investisiya qoyulduğu halda oyunçular inkişaf edib “Sabah”ın əsas heyətində yer ala bilməsələr belə, digər komandalarda oynamaq hüququ əldə edə bilərlər. Klub onları icarəyə verə və ya sata bilər. Beləliklə, yatırılan vəsaiti tədricən geri qaytara bilər. Düşünək ki, hər hansı bir oyunçu üçün 200-300 min manat ödəniş edilə bilər. Yaxud yetişdirilən futbolçulardan birini yüksək səviyyədə xarici kluba sata bilsələr, bu məbləğ milyonlarla ölçülə bilər. Bu baxımdan, 10 milyon manatlıq investisiyanın geri dönüşünü təmin etmək o qədər də çətin olmayacaq".
"Ümumiyyətlə, uşaq futboluna qoyulan istənilən vəsait düzgün istiqamətdə istifadə olunarsa, gələcəkdə özünü doğrulda bilər. Sadəcə olaraq, burada bir nüans var. Bu, uzunmüddətli perspektivdir. 10 milyon manat vəsaiti xərcləyib üç-dörd ildən sonra hansısa nəticə gözləsəniz, məyus ola bilərsiniz. Çünki nəzərə almaq lazımdır ki, bu gün 10 yaşlı bir oyunçu üçün vəsait ayırırsınızsa və onun üçün meydançalar, fitness zalları və digər idman infrastrukturu yaradırsınızsa, həmin 10 yaşlı uşağın 20 yaşında nəticə əldə edə biləcəyi və ya hansısa kluba satıla biləcəyi mərhələyə çatması vaxt tələb edir. Bu proses minimum 10 illə ölçülür. 10 yaşındakı uşaq 18-19-20 yaşına müəyyən müddət ərzində gəlib çatır. Ona görə də burada tez bir zamanda nəticə gözləmək doğru deyil. Amma gələcək üçün bu, həqiqətən də böyük inkişaf strategiyasıdır və belə bir maliyyənin ayrılması Azərbaycan futbolunun inkişafı baxımından müsbət addımdır", -deyə ekspert bildirib.
E. Bəyməmmədli
"AzPolitika.info"

Şərhlər