Menu

Litva 22 Belarus vətəndaşını ölkədən qovdu - Aİ kosmik proqramında çalışıblar...

07.09.2026, 16:55
Litva 22 Belarus vətəndaşını ölkədən qovdu - Aİ kosmik proqramında çalışıblar...

Litva Dövlət Təhlükəsizlik Departamenti milli təhlükəsizliyə təhdid yaradan 22 Belarus vətəndaşının yaşayış icazəsini ləğv edib, onları ölkədən çıxarıb və Şengen zonasına girişlərinə 5 illik qadağa qoyub.

Ölkədən qovulan şəxslər Litvada qeydiyyatdan keçmiş və Avropa İttifaqının Kosmik Proqram Agentliyinin (EUSPA) layihəsində iştirak edən şirkətdə çalışıblar. Litva xüsusi xidmət orqanlarının məlumatına görə, həmin şirkət Rusiya və Belarusun hərbi-sənaye kompleksi (HSK) müəssisələri ilə sıx əlaqələrini gizlədib.

Şirkət kənd təsərrüfatı üçün yüksəkdəqiqlikli peyk naviqasiya qəbuledicilərinin işlənilməsi məqsədilə Aİ-dən maliyyə alıb. Ümumi büdcəsi 1 milyon avrodan çox olan layihə üçün EUSPA 745 min avrodan artıq vəsait ayırıb və bunun 447 min avrosu artıq şirkətin hesabına köçürülüb.

İstintaq müəyyən edib ki, şirkəti faktiki olaraq Belarus vətəndaşı olan ata və oğul idarə edib. Onlardan biri bir neçə il əvvəl Rusiya vətəndaşlığı da alıb.

Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra sanksiyalardan yan keçmək məqsədilə 2022-ci ilin aprelində formal rəhbərliyə ABŞ və Litva vətəndaşlığı olan qohumlarını təyin ediblər. Qeyd olunur ki, həmin iki Belarus vətəndaşı paralel olaraq Rusiyada qeydiyyatda olan və hərbi təyinatlı mikrosxemlərin işlənilməsi ilə məşğul olan, Aİ-nin sanksiya siyahısındakı şirkətdə rəhbər vəzifə tutublar.

Vilnüs Dairə Məhkəməsi hər iki Belarus vətəndaşını Aİ vəsaitlərinin mənimsənilməsi və sənədlərin saxtalaşdırılmasında təqsirli bilib. Günahlarını etiraf edən şəxslər mənimsənilən 447 min avroluq ziyanı dövlətə geri ödəyiblər. Onların ölkədən qovulan 22 nəfərin arasında olub-olmaması barədə rəsmi açıqlama verilməyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol