Bu gün Bakıda başlanan İqlim Həftəsinin açılış mərasimində Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxış edib. 

"AzPolitika" xəbər verir ki, Komitə sədri çıxışında qlobal iqlim dəyişmələrinin təbiəti və miqyası ilə bağlı ciddi mesajlar verib, antropogen amillərin və müharibələrin ekologiyaya dağıdıcı təsirlərini diqqətə çatdırıb.

S.Qurbanov qeyd edib ki, su ehtiyatlarının azalması, meşə yanğınları, daşqınlar və buzlaqların əriməsi kimi proseslər artıq sadəcə elmi proqnoz deyil, gündəlik həyatın reallığına çevrilib. Bu hadisələrin hər birinin ayrı-ayrı təbii səbəbləri olsa da, qlobal miqyasda və uzunmüddətli dinamikada Yerin iqlim sisteminin dəyişdiyi və burada insan fəaliyyətinin yaratdığı antropogen təsirlərin mühüm rol oynadığı açıq görünür.

Komitə sədri son dövrlərdə Himalay dağlarında, Nepalın Çinlə sərhəd yaxınlığında baş verən faciələri bu ağır reallığın tərkib hissəsi kimi qiymətləndirib: "İqlim dəyişmələrinin əsas hərəkətverici qüvvələrindən biri məhz insan fəaliyyətidir. Enerji istehsalı, sənaye, nəqliyyat və torpaqdan istifadədə baş verən dəyişikliklər atmosferdə istixana qazlarını artırır və planetin istilik balansını pozur".

Çıxışda xüsusi olaraq müharibələrin ekoloji yükünə toxunulub. S.Qurbanov bildirib ki, silahlı münaqişələr təkcə insan həyatı və infrastrukturu məhv etmir, həm də atmosferə külli miqdarda əlavə emissiyalar buraxaraq iqlim böhranını daha da dərinləşdirir: "Müharibələr nəticəsində sıradan çıxan ekosistemlərin bərpası onilliklər tələb edir və cəmiyyətlərin iqlim risklərinə qarşı davamlılığını zəiflədir."

İnsanın təbiət proseslərinə müdaxilə miqyasına toxunan deputat Çinin Yantszı çayı üzərindəki "Üç Dərə" (Three Gorges) layihəsini nümunə göstərib. O qeyd edib ki, həmin nəhəng su hövzəsinin yaratdığı kütlə yerdəyişməsi Yer kürəsinin öz oxu ətrafında fırlanmasına təsir edərək sutkanın uzunluğunu təqribən 0,06 mikrosaniyə artırib. Bu isə təbiətə edilən hər böyük müdaxilənin ilkin hesablamalardan qat-qat mürəkkəb nəticələr doğurduğunu göstərir.

Azərbaycanın qlobal ekoloji proseslərdəki fəal roluna diqqət çəkən S.Qurbanov ölkəmizin COP29 və WUF13 kimi mötəbər tədbirlərə ev sahibliyi etdiyini xatırladıb. O, Bakı İqlim Həftəsinin qlobal iqlim gündəliyindəki əhəmiyyətini vurğulayaraq, bu platformanın qardaş Türkiyədə keçiriləcək COP31 ərəfəsində müzakirələrin aktivləşməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Rasim

"AzPolitika.info"