ABŞ və İsrailin İrana qarşı müharibəyə başlaması, hazırda isə Amerika ilə İslam Respublikası arasında Hörmüz boğazında baş verən toqquşmalar və bu su yolunun bağlanması bütün dünyada inflyasiyaya səbəb olub.
"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu məsələ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışında qabardılıb.
"İnflyasiya cəhətdən İran mərkəzli böhranın təsirlərini bütün dünya kimi biz də hiss edirik", - o bildirib və əlavə edib ki, neft qiymətləri dünyada rekord səviyyədə artıb.
Ərdoğanın fikrincə, Hörmüz boğazı ətrafında razılıq əldə olunmasa, problem həllini tapmayacaq:
"Hörmüzdəki düyün açılmadıqca neft qiymətləri hər kəsi çətinliyə salacaq kimi görünür. İsrailin təhrikləri ilə başlayan müharibənin bədəlini aidiyyəti olub-olmayan hər kəs ödəməkdədir".
Onun sözlərinə görə, bütün bunlara baxmayaraq, Türkiyə iqtisadiyyatı inkişaf tempini qoruyub.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın sabiq ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
ABŞ ilə İran arasında anlaşma memorandumu iyunun 18-də hər iki ölkənin lideri - Donald Tramp və Məsud Pezeşkian tərəfindən rəqəmsal şəkildə imzalanıb. Lakin iyulun 8-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İranın Hörmüz boğazında üç gəmiyə qarşı hücumlarına cavab olaraq bu ölkəyə zərbə endirildiyini bəyan edib.
Avqustun 2-də Tramp razılaşmanın bağlanması şərtilə İrana planlaşdırılan yeni hücumun ləğv edildiyini açıqlayıb. Hazırda hərbi toqquşmalar davam etsə də, Hörmüz boğazına nəzarətlə bağlı dolayı danışıqlar aparılır, ABŞ ilə İran arasında birbaşa dialoq yoxdur.

Şərhlər