Azərbaycanda idxal biznesinin fəlsəfəsi dəyişir

Biznes məsləhətçi
Azərbaycanda qeyri-qida mallarının idxalı ilə məşğul olan sahibkarlar üçün vacib dəyişiklik qüvvəyə minib. Söhbət sadəcə yeni bir sənəddən getmir. Əslində, bu dəyişiklik bazara daxil olan məhsulun “haradan gəldiyindən” çox, “təhlükəsiz və standartlara uyğun olub-olmamasını” ön plana çıxarır.
Yeni qaydalara əsasən, texniki reqlamentlər və istinad edilmiş standartlar tətbiq olunan idxal malları ölkəyə gətirilərkən onların təhlükəsizlik tələblərinə uyğunluğunu təsdiq edən sənədlər təqdim edilməlidir. Bunlara uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli uyğunluq sənədləri daxildir. Gömrük orqanları da artıq bu sənədlərin təqdim olunmasını yoxlamaq səlahiyyətinə malikdir.
Bəs, bunun biznes üçün mənası nədir? Əvvəla, idxal prosesində sahibkarın məsuliyyəti artır.
Əgər əvvəllər sahibkar üçün əsas suallardan biri “malı neçəyə gətirim və neçəyə satım?” idisə, bundan sonra daha bir sual vacib olacaq: “Bu məhsulun Azərbaycanda satılması üçün tələb olunan uyğunluq sənədləri varmı?”
Bu isə xüsusilə kiçik və orta idxalçılar üçün önəmli məsələdir.
Çünki uyğunluq sənədlərinin alınması, məhsulun texniki tələblərinin yoxlanılması, xarici təchizatçıdan lazımi sənədlərin əldə edilməsi əlavə vaxt və xərc yarada bilər. Nəticədə biznes üçün məhsulun yalnız alış qiyməti deyil, “uyğunluq xərci” də vacib göstəriciyə çevriləcək. Burada bazar üçün maraqlı dəyişiklik yarana bilər.Tutaq ki, eyni məhsulu iki şirkət xaricdən gətirir. Birinci şirkət məhsulu daha ucuz qiymətə alır, lakin onun lazımi uyğunluq sənədləri yoxdur. İkinci şirkət isə daha bahalı, amma bütün tələblərə cavab verən məhsul gətirir.
Yeni yanaşma ikinci şirkətin rəqabət imkanlarını artıra bilər.
Yəni bazarda “ən ucuz məhsul” modeli tədricən “ən ucuz və qaydalara uyğun məhsul” modelinə çevrilə bilər.
Bu, xüsusilə keyfiyyətsiz və təhlükəsizlik baxımından riskli mallarla rəqabət aparan yerli istehsalçı üçün də müsbət siqnaldır. Əslində, söhbət təkcə gömrükdən getmir. Bu dəyişiklik istehlak bazarının keyfiyyətinə də təsir göstərə bilər. Çünki texniki reqlamentlərə uyğun olmayan və uyğunluğu qiymətləndirilməmiş məhsulların istehsalı, satışı, idxalı və istifadəsi qadağandır. Yeni mexanizm isə həmin tələbin idxal mərhələsində daha ciddi nəzərə alınmasına imkan verir.
Burada söhbət yalnız elektronika və ya texniki avadanlıqdan getmir. Müxtəlif qeyri-qida istehlak mallarının təhlükəsizlik tələbləri gündəmə gəlir. Bu isə istehlakçı üçün çox sadə bir nəticə deməkdir: Bazara daxil olan məhsulun təhlükəsizliyi ilə bağlı dövlət nəzarəti güclənir.
Bəs, bütün bunlar məhsulun qiymətini artacaq?
Ən çox veriləcək suallardan biri də budur.
Qısa müddətdə müəyyən məhsul qrupları üzrə xərclərin artması mümkündür. Əgər idxalçı əlavə sertifikatlaşdırma, sınaq və uyğunluğun qiymətləndirilməsi xərcləri ilə qarşılaşırsa, bu xərclərin bir hissəsi son nəticədə məhsulun qiymətinə təsir göstərə bilər.
Amma burada başqa tərəf də var. Əgər bazardan təhlükəsizlik tələblərinə cavab verməyən məhsullar çıxırsa, rəqabətin keyfiyyəti dəyişir. Bu zaman qiymət artımını yalnız “sahibkara əlavə xərc” kimi qiymətləndirmək düzgün olmaz.
Əgər nəticədə istehlakçı daha təhlükəsiz və keyfiyyət standartlarına cavab verən məhsul alırsa, bu, bazarın sağlamlaşması deməkdir.Bu halda idxalçı nə etməlidir?
Məncə, sahibkarların bu dəyişikliklə bağlı ən böyük səhvi yeni qaydanın tam qüvvəyə minməsini gözləmək olar.
Halbuki qanunda mühüm keçid mexanizmi də var. Yeni tələb texniki reqlamentlər və istinad edilmiş standartların hər ikisinin birlikdə qüvvəyə minməsindən iki il keçdikdən sonra həmin mallara tətbiq olunur. Yəni sahibkara uyğunlaşmaq üçün vaxt verilir.
Bu müddət ərzində idxalçı məhsul portfelini yenidən nəzərdən keçirməli, hansı mallara texniki reqlamentlərin tətbiq olunduğunu müəyyənləşdirməlidir. Eyni zamanda xarici təchizatçıların uyğunluq sənədlərini yoxlamalı, sertifikat və bəyannamələrin alınması xərclərini əvvəlcədən hesablamalıdır. Üstəlik, müqavilələrə məhsulun uyğunluq sənədlərinin təqdim edilməsi ilə bağlı şərtlər əlavə etməli, ən əsası isə “sənədsiz ucuz mal” modelindən uzaqlaşmalıdır.
Yeni qaydanın ən mühüm tərəflərindən biri də rəqabət mühitinə təsiridir. Əgər idxal olunan məhsulla yerli istehsal olunan məhsula təhlükəsizlik baxımından eyni yanaşma tətbiq edilirsə, bu, yerli istehsalçının rəqabət imkanlarını gücləndirə bilər. Başqa sözlə, yerli istehsalçı üçün isə bu, fürsət ola bilər. Çünki yerli müəssisə standartlara, keyfiyyətə və təhlükəsizliyə pul xərcləyir, amma xaricdən gətirilən daha ucuz və keyfiyyətsiz məhsul eyni bazarda onunla rəqabət aparırsa, bu, ədalətli rəqabət yaratmır. Yeni mexanizm belə halların qarşısını almağa yönəlir. Qanunun özündə də məqsədlər sırasında rəqabət mühitinin qorunması və yerli istehsalın dəstəklənməsi qeyd olunur.
Əsas dəyişiklik isə biznes düşüncəsində olacaq.
Məncə, bu yeniliyə yalnız “gömrükdə yeni sənəd tələb olunur” kimi baxmaq düzgün deyil. Əslində, Azərbaycanda idxal biznesinin fəlsəfəsi dəyişir.
Əvvəl məhsulu tap, sonra gətir, sonra sat yanaşmasının yerini tədricən “məhsulu seç, standartını yoxla, sənədlərini hazırla, sonra gətir” modeli tutacaq. Bu da sahibkar üçün bir mesajdır. İdxalda gələcəyin əsas üstünlüyü təkcə ucuz qiymət olmayacaq. Sürətli logistika, düzgün sənədləşmə, etibarlı təchizatçı və standartlara uyğun məhsul biznesin rəqabət üstünlüyünə çevriləcək. Beləliklə, yeni qayda sadəcə gömrük nəzarətini sərtləşdirmir. Bazarda keyfiyyətin qiymətini artırır.
Və uzunmüddətli perspektivdə bu, həm istehlakçı, həm də qaydalara düzgün əməl edən sahibkar üçün yaxşı xəbərdir.
"AzPolitika.info"


Şərhlər