"Təsərrüfatımı ilk olaraq çay kənarında əkdiyim bambuk kolları hesabına qurdum. Hər koldan çıxan dörd-beş yeni pöhrəni ayıraraq təpəliklərdə əkdim".
Bunu fərdi sahibkar Eynulla Calalov Dövlət Turizm Agentliyinin Lənkəranan təşkil etdiyi mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib.
"Sənətkarlıq klubunda çalışarkən sərgilər üçün suvenirlər tələb olunurdu. İlk dəfə bu bambuklardan kreslo, stol və xırda suvenirlər hazırlayıb sərgiyə çıxartdım. Bu əl işləri böyük marağa səbəb oldu, televiziya çəkilişlərindən sonra isə sifarişlərin sayı artdı", - o deyib.
E.Calalovun sözlərinə görə, 32 sotluq ərazidə yetişdirilən bambuklar yüksək məhsuldarlığı və sürətli böyümə dinamikası ilə seçilir: "Bu bambuklar yalnız Lənkəran-Astara zonasında bitir. Bitki cəmi 48-50 gün ərzində tam boy atır. Sahədən yaxşı gəlir götürmək mümkündür. Regionda məhz bu böyüklükdə bambuk ərazisinə və emalına görə təsərrüfatımız xüsusi xəritəyə də daxil edilib".
Sahibkar vurğulayıb ki, 32 sotluq plantasiyada yetişdirilən xammal hesabına bağ mebelləri və suvenirlər hazırlanır, həmçinin məhsullar Bakıda dekorasiya işləri və kənd təsərrüfatının müxtəlif sahələri üçün daxili bazara təqdim olunur.


Şərhlər
Zooparkda eşşək var. Zebra ilə bir herdə saxlayırlar
Əgər Azərbaycanda bambuk yetişdirmək mümkündürsə, onda Bakı zooparkına heç də bütün zooparklarda rast gəlinməyən "panda" ayılarını gətirmək və onları saxlamaq olar, hərçənd ki, "panda" bir yana, Bakı zooparkında heç fil, zürafə və başqa heyvanlar da yoxdur.