ABŞ Prezidenti Donald Tramp ilə İran rəsmilərinin bir-birinə meydan oxuyan ritorikaları bu münaqişənin yaxın zamanlarda həll edilməyəcəyinin əyani təzahürüdür. ABŞ-İran münaqişəsinin qaynar fazası səngisə də, o, öz yerini yeni təzyiq üsullarına və müəyyən aralıqlarla baş verən qarşılıqlı raket atəşlərinə verib. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, ABŞ hərbi gəmilərinə SEPAH tərəfindən həyata keçirilən uğursuz raket hücumlarına cavab olaraq İrana məxsus 5 tankerə zərbə vurulub və onlardan biri batıb.
İran əlavə olaraq, ABŞ-ın istifadə etdiyi İordaniyadakı Müvəffəq əs-Səlti və Kral Həsən hərbi aviabazalarına 40-a yaxın raket zərbəsi endirib. Bu, aprel ayından indiyədək SEPAH-ın ABŞ-a qarşı həyata keçirdiyi ən böyük raket hücumudur. İordaniya ordusu İranın 20 ballistik raketindən 18-ni zərərsizləşdirdiyini, digər 2 raketin isə çöllük ərazilərə düşdüyünü bildirib. ABŞ komandanlığı da İranın raket hücumu zamanı ölən və yaralananların olmadığını, hərbi bazalarda heç bir dağıntı baş vermədiyini bəyan edib. SEPAH isə bunun əksini, aviabazalara ciddi ziyan dəydiyini söyləyir.
Bundan əlavə, İran Hörmüz boğazından keçən yük gəmilərinin, neft və sıxılmış təbii qaz daşıyan tankerlərin keçidinə imkan verməməklə həm qlobal iqtisadiyyata, həm də ABŞ-ın Körfəzdəki müttəfiqlərinə təsir göstərmək imkanında olduğunu nümayiş etdirir. Maraqlıdır ki, ABŞ da eyni blokada metodunu İrana qarşı tətbiq edib və bu, illərdir iqtisadi geriləmə yaşayan İranı daha dərin böhrana sürükləyib.
Əslində, İran iqtisadiyyatı ABŞ zərbələrindən əvvəl də ciddi böhran içində idi. Ancaq son aylarda baş verənlər onsuz da zəifləmiş və hələ ABŞ-İsrail zərbələrindən öncə də ciddi böhran içində çabalayan iqtisadi sistemin üzərinə çox ağır yük gətirib və bu ağırlıq getdikcə cəmiyyəti yoxsulluğa sürükləyir. İranın keçirdiyi makroiqtisadi sarsıntının real miqyasını əyani təsəvvür etmək üçün statistik göstəricilərə nəzər salmaq lazımdır.
Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, 2026-cı ildə İran iqtisadiyyatı təxminən 6 faiz daralacaq. Bu, olduqca böyük göstəricidir. Məsələ ondadır ki, İranda əhalinin gəlirləri artmasa da, zəruri tələbat mallarının qiyməti getdikcə bahalaşır. İqtisadiyyatın belə bir xarakteri var ki, ölkə üzrə alıcılıq qabiliyyəti zəiflədikcə pul dövriyyəsi də müvafiq olaraq ləngiyir və inflyasiya yüksəlmir. Amma İranda bunun əksinə, təzadlı durum yaranıb: istehlak qiymətləri durmadan artır. İran rialının durmadan dəyər itirməsi İranın xaricdən aldığı məhsulların ödənişini dollarla həyata keçirməsi ilə bağlıdır. Neftin Hörmüz boğazından keçidi əngəlləndiyindən hökumət dollar əldə edə bilmir. İranın asılı olduğu ərzaq, dərman, texnologiya, sənaye, məişət avadanlıqları, maşın və dəzgahlar, onların ehtiyat hissələri və digər məhsullar bahalaşdıqca, müvafiq surətdə inflyasiya da yüksəlir.

Ən pis vəziyyət isə ərzağın qiyməti ilə bağlıdır. Son məlumatlara görə, İranda bitki yağının qiyməti 4 dəfə, yumurtanın qiyməti 3 dəfə, mal ətinin qiyməti isə 2 dəfə qalxıb. Burada söhbət insanların sadəcə əvvəlkindən baha alış-veriş etməsindən yox, milyonlarla insanın gündəlik istehlak vərdişlərini dəyişmək məcburiyyətində qalmasından gedir. İran 2024-cü ildə 11,9 milyard dollarlıq ərzaq idxal edib və bunlar içərisində qarğıdalı, düyü, buğda, şəkər, soya və günəbaxan yağı əsas yer tutub. Bundan başqa, İran 2024-cü ildə ölkəyə 2 milyard dollarlıq farmasevtika məhsulları və dərman preparatları idxal edib. İran hökuməti inflyasiyanın 45-50 faiz arasında olduğunu bildirir. Rialın rəsmi məzənnəsi ilə onun qara bazardakı məzənnəsi fərqlənir. Qida məhsullarının qiyməti orta hesabla 70-75 faiz qalxıb.
Beləliklə, burada bir-biri ilə ardıcıl surətdə əlaqəli olan zəncirvari reaksiya yaranır: İran neft sata bilmədikcə ölkəyə daxil olan dollar kəskin azalır, dollar azaldıqca da rial ucuzlaşır və nəticədə idxal məhsulları bahalaşır. Məlumdur ki, bahalaşma pulun dəyərdən düşməsinə yol açır və bu da öz növbəsində əhalinin real gəlirlərinə birbaşa mənfi təsir göstərir. Gördüyümüz bu mikroiqtisadi proseslər aşağıdan yuxarıya doğru gedir və nəticədə azalan gəlirlər ölkədə daxili tələbatı zəiflədir. Ümumiyyətlə isə istənilən halda tələbatın zəifləməsi makroiqtisadi göstərici olan ölkənin iqtisadi artımını və böyüməsini kiçildir. İranda iqtisadiyyatın təməlini təşkil edən əmtəə-pul-əmtəə döngüsü qapalı halqanın içində daralmağa başlayır.
Uzun illər ərzində ABŞ və Avropa İttifaqının İrana sanksiya tətbiq etməsinə baxmayaraq, Tehran xaricə kifayət qədər neft sata bilirdi və bunu əsasən Malayziya, İndoneziya vasitəsilə həyata keçirirdi. Düzdür, İran neftinin bir qismini bazar qiymətindən aşağı satırdı, amma hər halda büdcəsini valyuta ilə doldurmağa müvəffəq olurdu. Hazırda dəniz daşımalarının əngəllənməsi bu mexanizmi dayandırıb.

Müharibədən öncə İranın gündəlik xam neft ixracı 2,5 milyon barrel idi. İndi isə İranın ABŞ blokadasından yan keçməklə neft ixrac etməsi mümkünsüz hala gəlib və nəticədə ölkəyə gələn xarici valyuta axını iflic vəziyyətinə düşüb. Əgər belə davam edərsə, İran il ərzində təxminən 35-40 milyard dollar itirəcək ki, bu da büdcənin əsas gəlir mənbəyinin kəsilməsi deməkdir. İranın düşdüyü çətin vəziyyətin digər səbəblərindən biri də sanksiyalara məruz qalan maliyyə aktivləridir. Ölkənin beynəlxalq maliyyə sisteminə çıxışının məhdudlaşdırılması xarici ticarətin maliyyələşdirilməsini, investisiyaların cəlb edilməsini və xarici valyuta əməliyyatlarını daha da çətinləşdirir.
İqtisadi tənəzzül sosial həyatda dərin mənfi izlər buraxıb. İstehsal müəssisələrinin bağlanması işsizlər ordusunu böyüdüb. Təxminən 90 milyon əhalisi olan İranın rəsmi məlumatlarına əsasən, 30 milyon insan yoxsulluq həddinin altında yaşayır. Universitet məzunları arasında işsizlik səviyyəsi də yüksəlir. Ölkənin gələcəyinə ümidsiz yanaşan intellektual elitanın xaricə üz tutması da ciddi problemlərdən biridir. Beyin axını uzunmüddətli perspektivdə ölkənin insan kapitalına və inkişaf potensialına mənfi təsir göstərəcək.
Şübhəsiz ki, İran iqtisadiyyatı ciddi şəkildə tənəzzül keçirir, amma tənəzzüllə çökmək arasında ciddi fərq var. İranda mövcud olan sərt rejim ölkənin iqtisadi resurslarının əksər hissəsini müharibəyə və təhlükəsizliyə yönəldir ki, bu da istər-istəməz iqtisadi inkişaf üçün nəzərdə tutulan vəsaitlərin düzgün paylanmasına mane olur.
Yaranmış çətin durumdan çıxmaq üçün seçim imkanları getdikcə daralan İranın praktik olaraq üç yolu qalır:
Birincisi, büdcəni doldurmaq və məvacibləri vermək üçün daha artıq pul çap edilməlidir.
İkincisi, vergiləri maksimum həddə qədər artırmaqdır.
Üçüncü yol isə neft satışlarının bərpa olunmasıdır.

Birinci variant yalnız iqtisadiyyatın sabitləşdirilməsi üçün müvəqqəti məlhəm ola bilər və bu halda çox tezliklə inflyasiyanın yenidən yüksələcəyi şübhəsizdir. Hətta bundan sonra pul emissiyasının artırılması da kömək etməyəcək.
İkinci variantın işə salınması, əvvəla, kasıblaşan əhalinin narazılığını kəskin artıracaq. Əhalinin repressiv üsullarla susdurulması da iqtisadiyyatı çətin durumdan xilas edə bilməz. Vergilərin qaldırılması da qısamüddətli təsir göstərəcək, çünki vergilərin ağır yükü altında əzilən müəssisələr fəaliyyətlərini dayandıra və ya bağlana bilərlər.
Üçüncü variantda isə rəsmi Tehran ABŞ-la danışıqlar aparmaqla və müəyyən razılaşmalara gəlməklə bu problemi həll edə bilər.
Deməli, ABŞ-ın İrana qarşı təzyiq strategiyasının başlıca məqsədi birbaşa hərbi müdaxilə yox, iqtisadi cəhətdən məngənəyə salmaqla Tehranı danışıqlar masasına qayıtmağa məcbur etməkdir.
Göründüyü kimi, ABŞ-ın dəniz blokadası İranın sənaye potensialına, bank strukturuna və xarici ticarətinə ağır zərbə vurub. İran rəhbərliyi isə “müqavimət iqtisadiyyatı” adı altında daxili resursları səfərbər etməklə bütün iqtisadi-təsərrüfat sistemini minimum xərclərlə idarə etməyə çalışır. Siyasi və iqtisadi analitiklər Tehranın bu duruma nə qədər tab gətirə biləcəyini düşünürlər.

İranın duruş gətirməsi üçün müəyyən üstünlükləri var. Belə ki, ölkənin böyük enerji resursları ilə yanaşı, geniş daxili bazarı, inkişaf etmiş sənaye bazası və uzunmüddətli sanksiyalara uyğunlaşmış qeyri-rəsmi ticarət şəbəkələri mövcuddur. Ancaq hər şeyin bir dözüm limiti də var.
Əgər neft ixracı bərpa edilməzsə, ölkəyə gələn xarici valyuta azalacaq, rialın dəyər itirməsi davam edəcək və inflyasiya yüksələcək və nəticədə İran iqtisadiyyatı tədricən daha dərin və uzunmüddətli aşınma mərhələsinə daxil olacaq. Ona görə bundan sonra İran üçün əsas məsələ artıq yalnız müharibənin hərbi nəticələri yox, iqtisadiyyatın müharibənin və blokadanın yaratdığı yükə nə qədər davam gətirə biləcəyi olacaq.
Vaqif Nəsibov
“AzPolitika.info”


Şərhlər