Menu

RİYA VƏ XƏYANƏT QİTƏSİ... - Avropanın “kökə siyasəti” postsovet məkanına nə vəd edir?

08.09.2026, 11:17
RİYA VƏ XƏYANƏT QİTƏSİ... - Avropanın “kökə siyasəti” postsovet məkanına nə vəd edir?

Yaxın illərdə Avropada yenidən nasistlərin hakimiyyətə gələcəyi artıq qətiyyən istisna edilə bilməz. “Qoca qitə” sürətlə buna doğru gedir və Avropada ultrasağçıların getdikcə güclənməsi bunun siqnalıdır və bu, heç də təsadüfi deyil. Artıq Almaniyanın Saksoniya-Anhalt əyalətində bu qüvvələrin seçkidə inamlı qələbə qazanması, Fransada Le Penin bütün sorğularda liderliyi ələ alması Avropanı idarə edən hazırkı mərkəzçi qüvvələrin yarıtrmaz, hətta yaramaz siyasətinin nəticəsi olaraq meydana çıxır. Və bu gedişat nə Avropaya, nə dünyaya, nə də xüsusilə Ukraynaya yaxşı heç nə vəd etmir…

Son dövrlər Qərb mediasında Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi müxtəlif növ silahlarda, o cümlədən raketlərdə Qərb ölkələrində - Avropada istehsal olunmuş komponentlər və yüksək texnologiya məhsulları tapıldığına dair çoxsaylı faktlar dərc edilir. Ukrayna rəhbərliyi səviyyəsində bu faktlar açıq şəkildə səsləndirilir. Eləcə də Ukraynanın vurduğu Rusiya neft emalı zavodları əsas etibarilə Qərb və Avropa texnologiyaları, avadanlıqları ilə təchiz olunub. İndi onların bərpası da məhz Avropadan gətirilən avadanlıqlarla həyata keçirilir.

Sanksiyalara rəğmən, Moskva ilə dolayı yollarla alış-verişi kəsməyən Avropadakı istehsalçı şirkətlərin adı və onların məhsullarının Rusiyanın əlinə necə düşməsi də yaxşı məlumdur. Lakin gecə-gündüz Ukraynaya dəstək bəyanatları səsləndirən, Rusiyaya qarşı isə ard-arda sanksiyalar “istehsal edən” Avropa nədənsə bu faktlara adekvat cavab vermir, bu texnologiyaların, silah komponentlərinin axınının qarşısını almır. Bir növ belə çıxır ki, Avropa Rusiya ilə ticarətdən, ölümcül silahların yaradılmasına xidmət edən alış-verişdən qazandığı pullarla sonradan Ukraynanı maliyyələşdirir, onu, yaranmasında özünün iştirak etdiyi həmin silahlardan guya qorumağa çalışır…

Bu gün Almaniya və digər Avropa ölkələri faktiki olaraq hərbi təxribatlarla, diversiyalarla üzləşir və buna görə Rusiyanı ittiham edir. Ancaq bəla ondadır ki, Avropa nə bu diversiyalarla və onları kimlərin törətdiyilə bağlı ortaya konkret fakt qoya, günahkarları tapıb üzə çıxara, nə də Rusiyaya adekvat cavab verə bilir. Yenə boş, quru etiraz bəyanataları, növbəti qeyri-işlək sanksiya paketləri və sair…

Avropa artıq Rusiyaya qarşı 21(!) sanksiya paketi qəbul edib. Müharibə 5 ilə yaxındır davam edir və bu, ilə 4-dən çox sanksiya paketi deməkdir. Hələ yeniləri də düşünülür. Amma heç kim artıq qəbul edilmiş köhnə sanksiyaların tam qüvvəsi ilə işləməsi üçün barmağını barmağına vurmur. Hansı ki, onlar doğrudan da işləsəydi, indi vəziyyət tamamilə başqa cür olardı. Əvəzində yeniləri “çap edilir” və hamı bilir ki, onlar da əvvəlkilər kimi var gücü ilə işləməyəcək. Sanki bunda ciddi olaraq maraqlı deyillər, davam edən bu vəziyyət onları tam qane edir…

Ukraynanı qoyduğu olduqca ağır durumun fonunda Avropa İttifaqı digər ölkələrə də demokratiya və insan hüquqları mövzusunda “mühazirələr oxumağa” davam edir. Bu gün Ukraynada baş verənlər, eləcə də bu və ya digər ölkələrdəki daxili durumla bağlı ikili standartlara, zaman-zaman separatizmə üstörtülü və açıq dəstəyə söykənən bəyanatlar, media təbliğatı və s. həmin “mühazirələr”in arxasında yenə də riyakarlıq və xəyanət durduğunu düşünməyə tam əsas verir

Avropanın çox da uzaq olmayan müstəmləkəçilik tarixinə nəzər yetrirdikdə, onun bu gün Ukrayna və digər postsovet ölkəlrilə bağlı siyasətini daha yaxşı anlamaq olur. Bu siyasət birbaşa hərbi müdaxilələr deyil, iqtisadi və digər maraqlardan irəli gələn, əsasən “yumşaq güc” vasitəsilə həyata keçirilən siyasi ekspansiya yolu ilə davam etdirilir. Bu zaman “Aİ üzvlüyü”, “Avropaya vizasız gediş-gəliş” kimi vədlərdən ibarət “kökələr” önə verilir, əvəzində bu “kökələr”ə şirniklənən ölkələrin suverenliyinə tuşlanan “qamçı” isə arxada gizlədilir…

"Əgər sizə desələr ki, müttəfiqlər bizi xilas etməyə tələsirlər, onlara inanmayın. Müttəfiqlər alçaqdırlar". Bu, dahi Mixail Bulqakovun "Ağ Qvardiya" əsərindəki sözləridir. Müttəfiqlərin həmin alçaqlığını, məsələn, 1938-ci ildə Çexoslovakiya yaşamışdı. Onun müttəfqiləri olan Fransa və Böyük Britaniya məşhur Münhen anlaşması ilə Çexoslovakiyanı faşist Almaniyasının ayaqları altına atdı və parçalanmasına razılıq verdi.

Həmin “müttəfiqlər” eyni satqınlığı 1939-cu ildə də Polşaya qarşı törətdilər. Polşanın bu “müttəfiqləri” 3 sentyabr 1939-cu ildə Üçüncü Reyxə müharibə elan etdilər, lakin Qərb Cəbhəsində faktiki döyüş əməliyyatlarına başlamadılar və Varşavanı təcavüzkara qarşı tək qoydular. Bu gün də Ukraynaya qarşı aşağı-yuxarı eyni münasibəti görməkdəyik…

Avropa tarixi bu cür xəyanətlərlə, satqınlıq və amansızlıqlarla doludur. Buna qədərki "Avropa müstəmləkəçiliyi" dövrünün də öz “şanlı” tarixçəsi var. O öz mənbəyini hələ Böyük Coğrafi Kəşflərin başladığı XV əsrdən götürür. Avropalılar məhz həmin vaxtdan başlayaraq, "kəşf etdikləri" əraziləri müstəmləkələrə çevirərək sürətlə varlandılar. Yüz illər ərzində müstəmləkələrdə dəhşətli cinayətlər törədildi, insanlar öldürüldü və qul olaraq satıldı, təbii sərvətlər isə amansızlıqla istismar edildi. Müharibələr zamanı müstəmləkələrin sakinləri hərbi xidmətə çağırıldı və imperiyaların məqsədlərinə çatmaq üçün “top əti” kimi istifadə edildi.

Avropa ölkələri Afrikada və dünyanın digər yerlərində öz təsir dairələrini genişləndirməyə çalışdıqca, münaqişə və qırğınlar ard-arda düzüldü. Afrikanın bəzi əraziləri hətta 1970-ci illərə qədər müstəmləkə altında qaldı. Məsələn, almanlar tərəfindən 1904-1908-ci illərdə indiki Namibiya ərazisində törədilən Herero və Nama qəbilələrinin kütləvi şəkildə məhv edilməsi 20-ci əsrin ilk soyqırımı aktı hesab olunur. Bu gün siyasətçiləri, deputatları digər ölkələrə “ağıl verən” Belçikadan 10 dəfə böyük olan Konqonun müstəmləkə edilməsi zamanı təxminən 10 milyon yerli sakin öldürülmüşdü. Götürək Fransanı; o, təxminən beş əsr ərzində saysız-hesabsız ölkələri müstəmləkə altında saxlayıb və hətta bu gün də onun məlum müstəmləkə əraziləri var. Təkcə Afrikada fransız müstəmləkəçiləri 2 milyondan çox insanın həyatına son qoyub…

Avropa ölkələri öz hərəkətlərini haqlı çıxarmaq üçün bir müddət missionerlik fəaliyyətinin arxasında gizləndilər və guya koloniyaların sakinlərinin mədəni inkişafına çalışdılar. Ümumilikdə isə müstəmləkəçilik dövrü təxminən 500 il davam etdi. Hətta 1957-ci ildə Avropa İqtisadi Birliyi yaradılanda belə bəzi Avropa ölkələri hələ də müstəmləkəçi idilər. Onu da unutmayaq ki, nasizm, faşizm də öz kökünü Avropadan götürüb və “ən parlaq” dövrünü İkinci Dünya Müharibəsi zamanı məhz bu qitədə yaşayıb…

Bütün bunları ona görə xatırladırıq ki, bugünkü Avropanın tarixi genetik kodunun nədən ibarət olduğu unudulmasın. Unudulmasın ki, zaman-zaman insan haqları, demokratiya şüarlarının arxasında gizlənərək separatizmə dəstək, işğalçı ilə gizli anlaşmalar, işğal edənlə işğala məruz qalanın eyniləşdirilməsi, öz iqtisadi və siyasi maraqları üçün bu və ya digər “müasir ideologiyalar”dan şırma kimi istifadə olunması haradan, nədən qaynaqlanır.

Məsələn, Brüsselin Azərbaycan və Ermənistana münasibətdə ikili standartlarını göstərən adi bir fakt. Avropa hazırda Ermənistanda terrorçu, separatçı keçmişinə baxmayaraq müxalifət hesab edilən, parlamentdə ermənilərin səsilə xeyli yer alan qüvvələrin sıralarında hökumətin apardığı genişmiqyaslı həbslər barədə susur. Bəli, bu cinayətkarlar həbsə də, ən ağır cəzaya da layiqdirlər. Amma Azərbaycanda buna oxşar bir şey baş verərsə, Avropa Parlamenti də daxil olmaqla, Avropa qurumları Bakıya qarşı sərt reaksiya verərdi…

Həmin Avropa Ukrayna Donbas üçün döyüşəndə bunu ərazi bütövlüyünün bərpası uğrunda ədalətli müharibə elan edərkən, Azərbaycan öz işğal edilmiş torpaqlarını azad edəndə bunu “ermənilərə qarşı təcavüz” kimi qələmə verdi. Üstəlik, bu gün də Avropada özünü üzdə sülh göyərçinləri kimi göstərən qüvvələr Azərbaycanla Ermənistan arasında davamlı sülhdə qəti maraqlı deyillər və onların təsiri altındakı media da durmadan bizim regionda suları bulandırmaqda davam edir…

Nəhayət, bu gün Ukrayna həm ərazilərini, həm insanlarını, həm də getdikcə bəşəri dəyərlərə inamını itirir və bunun günahkarı təkcə ona hücum edən Rusiya deyil. Əgər bu gün Avropanın doğrudan da Ukraynanı sona qədər, var gücü ilə qorumaq niyyəti olsaydı, ən azı hazırda Kiyevə uçan raket və PUA-ların sayı qədər də əks tərəfə raketlər və dronlar uçardı. Ukraynanı bunlarla təmin etmək üçün ötən 4 il yarımdan çox müddətdə Avropanın hər cür maliyyə və texniki imkanları olub, indi də var. Ancaq bunu etmirlər, guya gücləri, imkanları çatmır, “alınmır”. Alınan yalnız ruslarla ukraynalıları bir-birinə mümkün qədər çox qırdırmaqdır… bu isə doğrudan da “çox gözəl alınır”!

Cəlal Məmmədli

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol