Fəxri Xanhüseyn oğlu Kazımov İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

"AzPolitika" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Osman İsmayıl oğlu Xaliyev İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib.

Qeyd edək ki, Fəxri Kazımov  23 oktyabr 1970-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, mərhum deputat  Xanhüseyn oğlu Kazımlının oğludur. 

1992-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

1994–1995-ci illərdə İstanbul Mərmərə Universitetinin Bankçılıq və Sığortaçılıq İnstitutunda aspirant təhsili alıb.

1993–1995-ci illərdə Azərbaycan Respublikasının kommersiya banklarında çalışıb.

1995-ci ildə Azərbaycan Respublikası Milli Bankı Pul-kredit siyasəti departamentinin makroiqtisadi şöbəsində baş iqtisadçı vəzifəsində işləyib.

1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti Sədrinin baş müşaviri vəzifəsində çalışıb.

2000–2002-ci illərdə Azərbaycan Respublikası Milli Bankının Daxili Audit departamentinin direktoru vəzifəsində işləyib.

2002–2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankının İdarə Heyəti Sədrinin Ofisinin rəhbəri, daha sonra Milli Bankın İcra Aparatının rəhbəri vəzifəsində çalışıb.

2008–2016-cı illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun İcraçı direktoru vəzifəsində çalışıb.

2016-cı ilin avqust ayının 5-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib.

2017-ci ilin dekabr ayının 25-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin Sədri vəzifəsinə təyin olunub.

2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru dərəcəsini almışdır.

F. Kazımov 1 monoqrafiya və 15-dən çox elmi məqalənin müəllifidir.

1995-ci ildən etibarən ABŞ, Almaniya, İngiltərə, Fransa, Yaponiya və digər inkişaf etmiş ölkələrdə iqtisadi nəzəriyyə, maliyyə və bank işi üzrə beynəlxalq maliyyə təşkilatları tərəfindən təşkil olunan seminar və konfranslarda məruzəçi və dinləyici kimi iştirak etmişdir.

Xəbər verdiyimiz kimi, Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Osman Xaliyev bundan əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri təyin edilmişdi.

O, 1985-ci ildə Sumqayıt şəhərində anadan olub.

2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Ümumi iqtisadiyyat” fakültəsini “İqtisadi kibernetika” ixtisası üzrə bitirib.

2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində “İdarəetmənin informasiya texnologiyası” üzrə magistratura pilləsini bitirib.

2012-2014-cü illərdə ABŞ-ın Brandeis Universitetində MBA ixtisası üzrə təhsil alıb.

2010-2011-ci illərdə Access Bank QSC-də əməliyyatlar üzrə mütəxəssis, 2011-2012-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında mütəxəssis olaraq fəaliyyət göstərib.

2014-2015-ci illərdə ABŞ-ın Boston şəhərində yerləşən “Global Atlantic Partners LLC” şirkətində məsləhətçi vəzifəsində çalışıb.

2016-2020-ci illərdə kənd təsərrüfatı və qida sənayesi sahələrində fəaliyyət göstərən bir sıra şirkətlərdə biznesin inkişafı üzrə menecer və direktor vəzifələrini icra edib.

2020-ci ilin noyabrında Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müşaviri təyin olunub.

2021-ci ilin iyun ayının 1-dən Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edib.

Ailəlidir, 1 övladı var.