İranın Hörmüz boğazında gəmiçiliyi tamamilə dayandırması fonunda boğazın ilin sonuna qədər bağlı qalması ehtimalı gündəmə gəlib. Belə bir ssenarinin reallaşması qlobal enerji bazarında ciddi şok yarada, neft və qaz qiymətlərinin kəskin artmasına, daşımaların və sığorta xərclərinin bahalaşmasına səbəb ola bilər.

Bəs İranın bu qərarı uzun müddət davam etdirmək üçün hərbi və siyasi imkanları nə qədərdir? Hörmüz boğazının uzunmüddətli bağlı qalması qlobal neft bazarına və regionda təhlükəsizliyə necə təsir göstərəcək?

Mövzu ilə bağlı “AzPolitika”ya danışan Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Hörmüz boğazı ABŞ-la İran arasında təzyiq vasitəsinə çevrilib.

“Təbii ki, boğazın bağlı qalması qlobal enerji bazarlarında qiymətlərin artmasına səbəb olur. Bu gün Hörmüz boğazı ilə bağlı fərqli xəbərlər eşidirik. Prezident Donald Tramp Hörmüz boğazını “Tramp boğazı” adlandırdığını və onu ABŞ ərazisi elan etdiyini paylaşımında bildirib. İran isə Hörmüz boğazını tamamilə bağladığını bəyan edib. Lakin boğazın hansı səviyyədə və miqyasda bağlı olduğu hələlik tam aydın deyil”

Deputat vurğulayıb ki, gərginliyin davam etdiyi dövrlərdə Hörmüz boğazının mütəmadi olaraq bağlandığı və daha sonra açıldığı müşahidə edilib.

Azər Badamov

"Bu baxımdan, boğazın yenidən uzunmüddətli şəkildə bağlı qalacağını düşünmürəm. Hesab edirəm ki, Hörmüz boğazı hazırkı mərhələdə ABŞ və İran arasında siyasi və iqtisadi təzyiq vasitəsinə çevrilib.

Təbii ki, baş verən proseslər İran iqtisadiyyatına müsbət təsir göstərmir. Gərginlik davam etdikcə, həm tərəflərin itkiləri, həm də iqtisadi zərərləri daha da artacaq. Uzunmüddətli qarşıdurma isə təkcə İran və ABŞ üçün deyil, bütövlükdə region və qlobal enerji bazarlarına ciddi risklər yarada bilər”.

İqtisadçı Asif İbrahimov isə "AzPolitika"ya açıqlamasında bildirib ki, İranın Hörmüz boğazında gəmiçiliyi məhdudlaşdırması artıq sadəcə geosiyasi bəyanat deyil, qlobal enerji bazarına birbaşa təsir edən iqtisadi riskə çevrilib.

“Hazırda boğazdan keçən kommersiya gəmilərinin sayı əvvəlki normal göstəricilərlə müqayisədə kəskin azalıb. Son 10 gündə orta hesabla gündə cəmi 10 əmtəə gəmisi keçib və həftəsonu bu rəqəm daha da aşağı düşüb. Bu isə o deməkdir ki, boğaz hüquqi baxımdan tam bağlanmasa belə, iqtisadi baxımdan artıq ciddi məhdudlaşdırılmış vəziyyətdədir.

Asif İbrahimov

İranın Hörmüzü ilin sonuna qədər tamamilə bağlı saxlaması mümkündür, amma daha real ssenari boğazın “idarə olunan risk zonası”na çevrilməsidir. Tehran üçün bütün gəmilərin keçidini fiziki olaraq dayandırmaq vacib deyil. Gəmiçilik şirkətlərinin marşrutdan imtina etməsi, sığorta haqlarının kəskin artması və tanker sahiblərinin təhlükəsizlik riskinə görə geri çəkilməsi faktiki blokada effekti yaradır. İranın yeni məhdudlaşdırılmış zona və alternativ gəmiçilik marşrutları elan etməyə hazırlaşması da göstərir ki, Tehran boğaz üzərində nəzarəti siyasi və iqtisadi təzyiq alətinə çevirməyə çalışır. Burada əsas məsələ İranın hərbi gücünün ABŞ donanmasından üstün olub-olmaması deyil. İranın məqsədi Hörmüzdə hərbi üstünlük qazanmaq yox, gəmiçiliyin maya dəyərini və riskini o qədər artırmaqdır ki, kommersiya daşımaları dayanmağa başlasın. Minalar, sahil raketləri, pilotsuz vasitələr və sürətli katerlər İranın bu istiqamətdə istifadə edə biləcəyi əsas asimmetrik imkanlardır. Buna görə də qısa müddətdə İranın boğazda ciddi pozuntu yaratmaq imkanları kifayət qədər yüksəkdir”.

İqtisadçının sözlərinə görə, uzunmüddətli tam blokada İranın öz iqtisadi maraqlarına da zərbə vurur.


“Çünki Hörmüzdən təkcə Körfəz ölkələrinin nefti deyil, İranın öz enerji ixracı da asılıdır. ABŞ-ın iqtisadi və dəniz təzyiqinin İranın neft ixracını artıq ciddi şəkildə məhdudlaşdırdığı da nəzərə alınmalıdır. Ən böyük təhlükə neftin 100 dollar olması deyil. Əsas təhlükə 100 dolların 120, 120 dolların isə 150-yə çevrilə biləcəyi yeni qiymət spiralının başlamasıdır.Hazırda "Brent" təxminən 97 dollar səviyyəsindədir və yalnız ötən həftə 7,8 faiz bahalaşıb. Hörmüzdən keçən enerji axınlarının daha da azalması davam edərsə, bazarda risk mükafatı sürətlə böyüyə bilər. Bu prosesin ikinci dalğası daha təhlükəlidir: neft bahalaşır, tanker daşımalarının və sığortanın qiyməti artır, LNG təchizatında gərginlik yaranır, logistika xərcləri yüksəlir, inflyasiya çoxalır və mərkəzi bankların faizləri aşağı salmaq imkanları məhdudlaşır.Yəni Hörmüz böhranı yalnız enerji deyil, eyni zamanda inflyasiya və maliyyə böhranına çevriləcək. Artıq gəmi yanacağında da ciddi təchizat riski yaranır və bu, qlobal daşımaların maya dəyərini daha da yüksəldə bilər.

Hörmüzün ilin sonuna qədər tamamilə “sıfır gəmiçilik” rejimində qalması ən real ssenari deyil. Daha real ssenari boğazın uzun müddət yüksək riskli və məhdudlaşdırılmış vəziyyətdə qalmasıdır.İran üçün də bu daha əlverişlidir. Çünki Tehran boğazı tam bağlamaqla öz ixrac imkanlarını da məhdudlaşdırır, amma seçilmiş gəmilərə keçid verərək və təhlükəsizlik riskini idarə edərək həm təzyiq göstərə biləcək, həm də danışıqlarda əlavə rıçaq əldə edəcək”.

Asif İbrahimovun sözlərinə görə, Azərbaycan üçün isə vəziyyət ikitərəfli xarakter daşıyır.

“Neftin bahalaşması ilk mərhələdə Azərbaycanın ixrac gəlirlərini və valyuta daxilolmalarını artıra bilər. Lakin uzunmüddətli Hörmüz böhranı qlobal inflyasiyanı, logistika və sığorta xərclərini, enerji və ərzaq qiymətlərini artırarsa, bu müsbət effektin bir hissəsi daxildə xərc artımı ilə kompensasiya oluna bilər. Ona görə Azərbaycan üçün əsas məsələ neftin hansı qiymətə qalxmasından çox, bu qiymət artımının nə qədər davam edəcəyidir.

Hörmüz böhranı əslində neft böhranından daha böyük məsələdir. Bu, qlobal ticarətin, enerji təhlükəsizliyinin və regional təhlükəsizlik arxitekturasının sınağıdır. Əgər münaqişə yalnız gəmiçilik səviyyəsində qalarsa, bazar zamanla uyğunlaşacaq. Amma İran-ABŞ qarşıdurması Körfəz ölkələrinin enerji infrastrukturlarına, Qətərin LNG ixracına və digər strateji obyektlərə yayılsa, artıq söhbət sadəcə neftin bahalaşmasından yox, qlobal enerji böhranından gedəcək”.

Günəş Fərəh

"AzPolitika.info"