Menu

“10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”

03.09.2026, 23:52
“10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”

Kənd təsərrüfatının inkişafına müxtəlif dövlət dəstəyi göstərilsə də, ölkənin bir sıra ərzaq məhsullarında idxaldan asılılığı hələ də müzakirə mövzusudur. Fermerlərin əsas problemləri arasında su çatışmazlığı, texnika, satış bazarı, logistika və məhsulun saxlanılması məsələləri önə çıxır. Kənd təsərrüfatına ayrılan subsidiyalar və digər dəstək mexanizmləri istehsalın artmasına nə qədər təsir edir? Azərbaycanda ərzaq idxalını azaltmaq üçün daha çox hansı sahələrə diqqət yetirilməlidir?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, kənd təsərrüfatında əsas problem yalnız su təminatı və ya subsidiyalaşdırma ilə bağlı deyil.

Onun sözlərinə görə, əsas məsələ kənd təsərrüfatının gəlirli sahəyə çevrilməsidir: “Əsas məsələ ondan ibarətdir ki, bu sahə gəlirli olmalıdır. Hazırda kənd təsərrüfatı gəlirli sahə deyil. Elə etməliyik ki, insanların bu sahədən əldə etdiyi gəlir artsın və kənd təsərrüfatında çalışmaq istəyənlərin sayı çoxalsın”.

N.Cəfərli qeyd edib ki, hazırda əks proses müşahidə olunur: “Gəlirlərin azalması istehsala, istehsalın azalması isə kənd təsərrüfatına marağın zəifləməsinə səbəb olur. Bu isə öz növbəsində kəndlərdən şəhərlərə köçü sürətləndirir. Biz 10-15 ildən sonra ayıla bilərik ki, kəndlərdə yaşayan insan qalmayıb. Ona görə də fermerləri əl üstündə saxlamaq lazımdır. Onlara ciddi dəstək verilməli, faizsiz kreditlər təqdim olunmalı və fəaliyyətlərinə əsassız müdaxilələrə yol verilməməlidir. Xüsusilə rayonlarda yerli icra hakimiyyəti orqanlarının fermerlərin işinə müdaxiləsi yolverilməzdir”.

İqtisadçı hesab edir ki, subsidiyaların həm həcminin, həm də effektivliyinin artırılmasına ehtiyac var. Onun fikrincə, yalnız ayrılan vəsaitin məbləğinin artırılması kifayət deyil, subsidiyaların fermer üçün real nəticə yaratması təmin edilməlidir.

N.Cəfərli kənd təsərrüfatında çalışmağı seçən insanlar üçün əlavə güzəştlərin tətbiqini də vacib sayır: “Kənd təsərrüfatında çalışmaq istəyənlərin xüsusi imtiyazları olmalıdır. Məsələn, kənd yerlərində yaşayan insanların kommunal xidmətlərə çıxışı daha ucuz şərtlərlə təmin edilə bilər. Qaz, elektrik enerjisi və su tarifləri aşağı olmalıdır. Suvarma xərcləri də fermerlər üçün əlçatan səviyyədə saxlanılmalıdır. Hazırda isə bəzi hallarda bunun əksi müşahidə olunur. Əkin sahələrində su istifadəsi ilə bağlı kiçik və orta sahibkarlar üçün əlavə tariflər müəyyənləşdirilir. Söhbət quyu, çay və göl sularından istifadə üçün tətbiq olunan tariflərdən gedir. Biz kənd təsərrüfatı ilə məşğul olan insanları qorumaq, onların fəaliyyətinə şərait yaratmaq əvəzinə əlavə yük formalaşdırmamalıyıq. Əksinə, onları kənddə saxlamaq, hətta insanları rayonlara və kəndlərə köçməyə təşviq etmək üçün əlverişli mühit yaratmalıyıq. Bu münasibət dəyişərsə, yerli istehsal da artacaq”.

Oğuz Ayvaz 

“AzPolitika.info”

Şərhlər

ƏliƏşrəf Umudlu 2026-09-03 20:55:52

İqtisadi reallıq Eksperti necə düşünür: Nisbi bərabər məsləhətli bölgü Üstququrumunu Özəl priorla əvəzləmiş iqtisadiyatın kəndləri sifarişləri, yoxsa subsidiya qaldıracaqdı? Elə, xamca neftin puluna hər kənddə 5-115 liftsiz üç-dörd mərtəbəli mənzil binaları, konkret mıhsullu iri-bütöv komplekslər bu günün qaçılmaz yekunu olmalıydı?

Azər 2026-09-03 19:23:37

Nə fikirləşirlər bəs ? Təcili olaraq islahatlar kecirilməli.Hər kənd.qəsəbə ,rayon üzrə iqtisadi-sosial inkişaf proqramı hazırlanmalıdır Kənddə qalıb işləyənlər ə vergi güzəştləri,təsərrüfatlarını inkişaf etdirmək üçün yardımlar edilməlidir

Nazim 2026-09-03 11:18:47

10-15ildən sonra kəndləri irili-xırdalı ṣəhərlər əvəz edəcək mal,heyvan olmayacaq olanı da sůni olacaq insanlar da təbii insanlar olmayacaq hamısı sůnii olacaq qidalar da bir dəfə yeyilmiṣ qidalar olcaq

Eli 2026-09-03 11:00:57

Ne qeder ki bizim "Memur sinifinde" formalaşmış "Sovet psixoligiyası" deyişmeyibse ölkede neinki jend teserrüfatında elece de senayede Elm ve tehsilde de heç bir deyişiklik yenilik olmayacaq.Çünkı Milli şüur formalşıb nirmsl seviyyede olmasa 1000 il sonra da biz Avropaya uyğunlaşmaq yox heç onun yanından da keçe bilmeyeceyik.Halbuki bu dövlet ve milletde çix güclü potensial var ancaq çox teessüf.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol