Rusiya rəsmilərinin böyük əksəriyyəti Ermənistan hakimiyyəti haqqında tənqidi fikirlər səsləndirsə də, Baş nazir Nikol Paşinyan Ermənistanın iki şəhərində, Artaşat və Aştarekdə “Rus evləri” açmağa razılıq verib. Bu məsələ nəinki erməni cəmiyyətində, hətta Rusiyanın müxtəlif dairələrində də birmənalı qarşılanmayıb.
Bəs görəsən, münasibətlərin soyuq olduğu, qarşılıqlı iradların səsləndirildiyi bir vaxtda Ermənistanın belə bir addım atması nə ilə bağlıdır? Bu qərarın arxasında hansı pərdəarxası məqamlar dayana bilər?
Mövzu ilə bağlı "Azpolitika"ya açıqlama verən politoloq Cümşüd Nuriyev bildirib ki, əslində Ermənistan və Rusiya arasında baş verən proseslər gözlənilən idi:
"Rusiyanın öz dövlət maraqları mövcuddur. Kremlin Qafqaz siyasətində son 200 ildə önəmli yerlərdən birini məhz ermənilər tutub. Amma son bir neçə ildə, xüsusilə 44 günlük müharibədən sonra Ermənistan anti-Rusiya mövqeyi sərgiləməyə başlayıb. Ermənistan həm Avropa, həm də Rusiya ilə münasibətlərini qoruyub saxlamağa çalışır. Yəni Paşinyan bir neçə kürsüdə eyni anda əyləşmək siyasətini həyata keçirir. Paşinyanın niyyəti Ermənistanı xilas etməkdir. Bu səbəbdən onu başa düşmək mümkündür. Təbii ki, Rusiya da öz dövlət maraqlarına uyğun formada hərəkət edir. Dəfələrlə Paşinyanı "xalça" üzərinə çağırmağın səbəbi də məhz siyasi təzyiq göstərməkdir. Paşinyandan seçim etmək tələb olunur. Həmçinin Ermənistanın tutduğu mövqedən razı olmadıqlarını bildirirlər. Hadisələrin gedişi onu göstərir ki, Ermənistan bu ilin sonuna qədər öz mövqeyini müəyyənləşdirməlidir. Ya KTMT və Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmalıdır, ya da Rusiya ilə siyasi yumşalmaya getməlidir. Təbii ki, KTMT və Aİİ-dən çıxmaq Ermənistanın sonu deməkdir. Təbii ki, Rusiyanın Qafqaz maraqlarında Azərbaycan da çox önəmli bir yer tutur. Amma bizim dövlət maraqlarımız hər şeydən öndə gəldiyi və güclü ölkə qurduğumuz üçün heç bir təhlükə mövcud deyil. Ortada Gürcüstan nümunəsi də var. Belə ki, Rusiya ilə qonşu olsa da, Tbilisi 2008-ci ildə daha çox Qərblə əməkdaşlığa önəm verdi. Bunun nəticələri isə göz önündədir. Qərb Gürcüstanı meydanda tək buraxdı. Ermənistanı da həmin aqibət gözləyə bilər", - politoloq vurğulayıb.
Günəş Fərəh
Azpolitika.info


Şərhlər