Lənkəranda arı muzeyində ilk apiterapiya (arı məhsulları ilə müalicə) evi fəaliyyət göstərir. Eyni zamanda arı havasında yatmaq üçün otaq fəaliyyət göstərir.
"AzPolitika" xəbər verir ki, bunu sahibkar, "Balçı Səyavuş" arıçılıq təsərrüfatının rəhbəri Səyavuş Yaqubov Dövlət Turizm Agentliyinin Lənkərana təşkil etdiyi mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu müalicə üsulları beyin fəaliyyətini sakitləşdirmək, zehni fəaliyyəti və immum sistemini gücləndirmək üçün istifadə olunur.
S.Yaqubov bildirib ki, müəyyən layihələrdə qalib olub: "KOBİA-nın arıçılıqla bağlı ikinci qrant müsabiqəsində qalib olmuşuq, ötən il şəhərdən-kəndə layihəsinə qoşulmuşduq. Bu layihə çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan Aqrar Tədarük və Təchizat ASC-nin və Paşa Holdinqin maliyyə dəstəyi ilə arıçılıq muzeyini təqdim etmişdik".
O qeyd edib ki, muzeydə arı məhsullarının bütün istehsal növləri ilə məşğul olur.
"Özümüzün hazırladığımız arıçılıq üçün nəzərdə tutulan smart tərəzilərimiz var. Bu tərəzilər arı pətəyinin altına yerləşdirilir və SMS göndərilir. Bununla da biz məsafədən arı haqqında bütün məlumatları (çəkinin artıb-azalması, rütubət və temperatur) əldə edə bilirik", - deyə sahibkar vurğulayıb.


Şərhlər