İranla müharibə noyabr ayında keçiriləcək aralıq seçkilərindən dərhal sonra başa çatacaq, çünki Tehran artıq davam gətirə bilməz.
Bu fikirləri ABŞ Prezidenti Donald Tramp deyib. Onun bu, açıqlaması geniş müzakirələrə və suallara yol açıb. Belə ki, bir çox analitiklər Trampın fikirlərini İranın məğlubiyyəti kimi şərh şərh etsələr də, bəzi ekspertlər bunu ABŞ prezidentinin növbəti blefi kimi qiymətləndirirlər.
Bəs Trampın bu fikirləri nə dərəcədə real ola bilər? Ümumiyyətlə, ABŞ İranda istəyinə nail olacaqmı?
Mövzunu "Azpolitika"ya şərh edən politoloq Azad Məsiyev bildirib ki, ABŞ-ın əsas planı İranda hakimiyyəti dəyişmək və özünə uyğun bir rejim qurmaqdır: "Daha dəqiq desək Tramp İranı işğal etmək istəyir. Bu strategiyanı həyata keçirməyə çalışan ABŞ, müxtəlif vaxtlarda İrana təzyiq də göstərib. Əvvəllər "İran terrorçulara dəstək verir" adı altında təzyiqlər edilirdi. Daha sonra, "İran insan haqlarını pozur, İsrailə təhlükə yaradır" bəhanələri ilə İslam Respublikasına qarşı tədbirlər görməyə çalışdılar. Bütün bu bəhanələrin işə yaramadığını gördükdə isə, "Tehran nüvə silahına sahiblənmək istəyir" fikrini ortaya ataraq hərbi əməliyyatlara başladılar. Amma aparılan əməliyyat siyasi baxımdan fiaskoya uğradı, nəticə əldə edilmədi. ABŞ dövləti bu əməliyyatlara 100 milyard dollara yaxın vəsait xərcləsə də, uğur qazanmadı. Üstəlik, İran əməliyyatı ABŞ-da Trampa qarşı etirazlara səbəb oldu. Demokratlar bu hadisədən maksimum istifadə edərək Trampın uğursuz siyasətini ictimaiyyətə çatdırmağa çalışırlar. Bununla da qarşıdan gələn Konqres seçkilərində Respublikaçıların məğlubiyyətini əldə etmək istəyirlər. Demokratlar mütləq qələbə qazansa, Trampın impiçment məsələsi də gündəmə gələ bilər. Odur ki, ABŞ lideri çalışır ki, seçkilərə qədər İranla razılaşma əldə etsin və bunu ABŞ ictimaiyyətinə qələbə kimi sırısın. Siyasi və lokal hərbi təzyiqlər məhz buna hesablanıb".
Politoloqun sözlərinə görə, İran öz dövlət və milli maraqlarını qoruyur, beynəlxalq hüquq müstəvisindən çıxış edərək tələblər irəli sürür: "Yəni Tehran ABŞ-ın diktəsi ilə hərəkət etmir. İranın dirənişi isə Trampın reytinqini sürətlə zəiflədir və Demokratların qələbəsini yaxınlaşdırır. Bu, Trampın siyasi imicini məhv edə və prezident kimi sonunu gətirə bilər. Tramp isə seçkidən sonra İranla məsələnin birdəfəlik həll olunacağına işarə edir. Amma bunun diplomatik yaxud hərbi yol olacağı məlum deyil. İndiki fəaliyyət onu göstərir ki, Tramp diplomatiya ilə heç nəyə nail ola bilmir. Ancaq güc nümayişi və hərbi yolla məqsədinə çatmaq istəyir. Görünən odur ki, ABŞ-da seçkilərdən sonra Demokratlar məğlub olsa və Respublikaçılar Konqresi "ələ keçirsə", bu zaman İran əməliyyatı gündəmə gələcək və müharibə yenidən alovlanacaq. Ona görə də, Trampın səsləndirdiyi fikirlərdə sətiraltı işarələr mövcuddur. Hər şey daha dəqiq Konqresə seçkilərin nəticələrindən sonra bəlli olacaq".
Günəş Fərəh
Azpolitika.info


Şərhlər