Ukrayna Prezidenti Volodimir Zelenski və Kanadanın Baş naziri Mark Karni Kalqaridə 100 illik tərəfdaşlıq haqqında Bəyannamə və bir sıra digər ikitərəfli sənədlər imzalayıblar.
Bu barədə liderlərin Kanada hökumətinin saytında dərc olunmuş birgə bəyanatında qeyd olunub.
"Bu sənədlə ölkə liderləri dövlətlər arasında iqtisadi, siyasi və təhlükəsizlik sahəsində tərəfdaşlıq və əməkdaşlığın dərinləşdirilməsi, eləcə də Ukraynada ədalətli və davamlı sülhün dəstəklənməsi məqsədilə 100 illik tərəfdaşlıq haqqında saziş bağlamağı öhdələrinə götürüblər", - bəyanatda bildirilib.
Liderlər Ukraynanın təhlükəsizliyinin Avratlantik təhlükəsizliyin ayrılmaz hissəsi olduğunu, Ukraynanın gələcəyinin isə NATO-da olduğunu təsdiqləyib, həmçinin Aİ və NATO-ya tamhüquqlu üzvlük yolunda Ukrayna islahatlarının davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Kanada və Ukrayna həmçinin kəşfiyyat, kibermüdafiə, pilotsuz uçuş aparatlarına qarşı mübarizə və elektron basdırma vasitələri, eləcə də hibrid təhdidlərə və xarici informasiya manipulyasiyasına qarşı mübarizə sahələrində əməkdaşlığı dərinləşdirəcəklər.
Ölkələr pilotsuz sistemlərin, pilotsuz uçuş aparatları əleyhinə vasitələrinin və döyüş sursatlarının birgə istehsalı üçün uzunmüddətli müdafiə sənayesi tərəfdaşlığı yaradacaqlar. Tərəfdaşlıq 24 avqust 2025-ci il tarixində Kiyevdə imzalanmış birgə istehsala dair Niyyət məktubu əsasında inkişaf edəcək və tədqiqatları, eləcə də texnologiyaların ötürülməsini nəzərdə tutacaq.
Kanada həmçinin Rusiyaya qarşı iqtisadi təzyiqi qoruyub saxlayacaq və gücləndirəcək, eləcə də "Yeddilik Qrupu" üzrə tərəfdaşları ilə birlikdə Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanın xeyrinə istifadə yollarını öyrənəcək.
Tərəflər həm də üç prinsipə – müdafiə innovasiyalarına, iqtisadi artım və bərpaya, eləcə də ikitərəfli ictimai əlaqələrə əsaslanan Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin bağlanması üzərində işləməyə razılaşıblar. /"Report"


Şərhlər