Menu

"Sabah" Yusif İmanovu da beynəlxalq məhkəməyə verdi

11.09.2026, 17:39
"Sabah" Yusif İmanovu da beynəlxalq məhkəməyə verdi

“Sabah” sabiq qapıçısı Yusif İmanovdan Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib.

"AzPolitika" Sportify.az-a istinadla xəbər verir ki, bu barədə CAS-ın rəsmi saytı məlumat yayıb.

İşə oktyabrın 2-də baxılacaq.

Hazırda “İmişli”də çıxış edən Yusif İmanov ötən mövsümün əvvəlində birtərəfli qaydada müqaviləni pozaraq “Sabah”ı tərk edib. Bundan sonra klub müvafiq qurumlara şikayət edərək İmanovdan 53 min manat təzminat tələb etsə də, nə AFFA-nın Oyunçuların Statusu və Transfer Komitəsi, nə də AFFA Apellyasiya Arbitraj Tribunalı “Sabah”ın xeyrinə qərar çıxarıb.

Oyunçuların Statusu və Transferi Komitəsi “Sabah”ın Yusif İmanova 10 min manat təzminat ödəməsinə dair qərar verib, ikinci instansiya isə həmin qərarı qüvvədə saxlayıb.

Bunadək “Sabah” daha bir sabiq oyunçusu Jarl Marqaritadan CAS-a şikayət edib. Masazır təmsilçisi futbolçunun müqavilə öhdəliklərini pozduğunu əsas gətirərək ondan 810 min avro təzminat tələb edib. Daha əvvəl bununla bağlı FIFA-ya müraciət etsə də, qurumun Mübahisələrin Həlli Palatası klubun iddiasını rədd edib. FIFA tərəflər arasında qarşılıqlı etimadın itirildiyini və əmək münasibətlərinin hər iki tərəfin davranışları nəticəsində sona çatdığını bildirib.

Bakı klubu FIFA-nın qərarından apellyasiya şikayəti verərək işi CAS-a çıxarıb. 2026/A/12177 nömrəli “Football Club Sabah v. Jearl Margharita & Football Club Phoenix Rising” işi üzrə dinləmə 27 avqust 2026-cı ildə keçirilib. Hələlik yekun qərar bəlli deyil.

“Sabah” Marqaritanı məşqləri və oyunları buraxmaqda, məşqçilər korpusunun göstərişlərinə əməl etməməkdə və digər intizam pozuntularına yol verməkdə ittiham edib. Klub həmçinin ABŞ təmsilçisi “Phoenix Rising”in məsuliyyətə cəlb olunmasını və futbolçuya idman sanksiyasının tətbiq edilməsini istəyib.

Xatırladaq ki, Jarl Marqarita 2023/2024 mövsümündə, Yusif İmanov isə 2022 – 2025-ci illərdə “Sabah”ın formasını geyinib. Marqarita Kürasao millisinin heyətində 2026-cı il dünya çempionatında iştirak edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol