Menu

Böyük savaşın anonsu? - İran minlərlə könüllünü səfərbər edir

14.09.2026, 17:12
Böyük savaşın anonsu? - İran minlərlə könüllünü səfərbər edir

İranda ABŞ-ın mümkün hücumlarından müdafiə məqsədilə “Özünü fəda edənlər” kampaniyası çərçivəsində mindən çox könüllü batalyonunun formalaşdırılması planlaşdırılır. Bu barədə kampaniyanın qərargahı məlumat yayıb. 

Bu qərarı ABŞ-la İran arasında böyük müharibənin başlanğıc anonsu kimi xarakterizə etmək mümkündürmü? İranın səfərbərlik qərarı nəyə hesablanıb və bu, ABŞ üçün nə vəd edir?

Mövzunu "Azpolitika"ya şərh edən politoloq Elçin Xalidbəyli deyib ki, ABŞ və İran arasındakı savaşda hərbi-siyasi manipulyasiyalar diqqəti daha çox cəlb edir:

"Çünki bir-birinə qarşı duran tərəflər vaxtaşırı sülh prosesindən daha çox danışırlar. Amma zaman-zaman özlərinin hərbi üstünlüklərini göstərmək niyyətlərini də ortaya qoyurlar. Bu, onu göstərir ki, hər iki tərəf həm daxili, həm də xarici auditoriyaya xitab edən addımlar atmaq məcburiyyətindədir. Hazırda ABŞ-ın Yaxın Şərqdə, yəni İran ətrafında böyük hərbi qüvvəsi cəmləşib. Bəzi məlumatlara görə, orada 350-yə yaxın döyüş təyyarəsi mövcuddur. Bu, onu göstərir ki, Vaşinqton öz hədəflərinə çatmadan İranla müharibəni dayandırmaq niyyətində deyil. Təbii ki, belə vəziyyətdə İrana daha effektiv müdafiə qüvvələri lazımdır. Bu baxımdan “Özünü fəda edənlər” kampaniyasının başladılması gözlənilən idi. Böyük ehtimalla rəsmi Tehranın daha qətiyyətlə vuruşan qüvvələrə ehtiyacı yaranıb. Artıq İranın siyasi dairələrində bu savaşın hələ uzun müddət davam edəcəyini düşünürlər və prosesi nəzərə almağa çalışırlar. Odur ki, səfərbərlik xarakteri daşıyan bu addımlar Yaxın Şərqdə münaqişənin hələ uzun müddət davam edəcəyini deməyə əsas verir. Hər iki tərəfdən, xüsusilə də İrandan belə addımları daha tez-tez müşahidə etmək mümkündür".

Günəş Fərəh

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol