Türkiyənin milli müdafiə naziri Yaşar Güler Ankarada Qafqaz İslam Ordusunun və Bakının erməni-bolşevik işğalından azad edilməsinin 108-ci ildönümünə həsr olunmuş tədbirdə Cənubi Qafqazdakı son proseslərlə bağlı diqqətçəkən bəyanatla çıxış edib. Nazir Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin ən qısa müddətdə imzalanmasının zəruriliyini vurğulayaraq, Ankara və Bakının davamlı sabitlik tərəfdarı olduğunu bir daha bəyan edib.
Yaşar Güler çıxışında Cənubi Qafqazın hazırda etimad, əməkdaşlıq və inkişafa böyük tələbatı olduğunu bildirib. O, ötən il Vaşinqtonda əldə olunmuş razılaşmaları və sülhün təmin edilməsi istiqamətində atılan son addımları məmnunluqla qarşıladıqlarını qeyd etməklə yanaşı, prosesin tamamlanmasının bölgədəki bütün xalqların rifahına xidmət edəcəyini vurğulayıb.
Yaşar Gülerin bu bəyanatları son günlər sülh danışıqlarında yaranan durğunluq və İrəvan tərəfindən süni şəkildə qızışdırılan antitəbliğat fonunda xüsusi diqqət cəlb edir.
Məlum olduğu kimi, Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpus nümayəndələrinin 11-12 sentybarda işğaldan azad edilmiş ərazilərə, o cümlədən Xankəndi, Şuşa və Gəncəsər monastır kompleksinə növbəti səfəri Ermənistanın siyasi elitasında və mediasında növbəti isterikaya səbəb olub. Hətta Ermənistan parlamentinin vitse-spikeri, sülh danışıqlarında İrəvanın xüsusi nümayəndəsi olan Ruben Rubenyan belə bu prosesə müdaxilə edərək, diplomatların Azərbaycanın suveren ərazilərinə səfərinə və oradakı tarixi-mədəni irsin təqdimatına qarşı açıq şəkildə təxribatçı bəyanat səsləndirib.
Paralel olaraq, hətta iki ölkənin vətəndaş cəmiyyəti xətti ilə dialoqunu hədəfləyən “Sülh Körpüsü” təşəbbüsünün erməni iştirakçıları da analoji revanşist mövqe nümayiş etdirərək, xarici diplomatların Gəncəsərə səfərinə qarşı bəyanat yayıblar. Buna cavab olaraq “Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu dərhal bəyanat verərək xatırladıb ki, xarici diplomatların Azərbaycanın suveren ərazisi çərçivəsində hərəkəti ölkənin daxili işidir və heç bir halda müzakirə predmeti ola bilməz.
Beləliklə, Ermənistandakı bu spekulyasiyalar və həm iqtidar, həm də revanşist müxalifət tərəfindən korordasiya olunan ictimai kampaniyalar İrəvanın sülh müqaviləsini imzalamaq əvəzinə vaxt uzatmağa və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışdığını göstərir.
Ankara proseslərin bu məcrada inkişafından narahatdır. Türkiyə xarici işlər naziri Hakan Fidanın Bakıya son səfəri zamanı da müttəfiqlərin məhz bu riskləri – İrəvanın sülh prosesini tormozlamaq cəhdlərini müzakirə etdiyini ehtimal etmək olar. Yaşar Gülerin Ankaradan verdiyi son mesaj da birbaşa İrəvana yönəlib: Sərhədlərin açılmasını və regional kommunikasiyaların bərpasını istəyən Ankara və Bakı sülh prosesinin Ermənistandakı daxili siyasi manipulyasiyalara qurban verilməsinə göz yummayacaq.
E.Rüstəmli
“AzPolitika.info”


Şərhlər