Toy mərasimləri Azərbaycan cəmiyyətində mühüm adət-ənənələrdən biri olaraq qalır. Lakin məclisin təşkili, restoran, geyim, musiqi və digər xərclərin artması ailələr üçün ciddi maliyyə yükü yarada bilir. Bəzi hallarda insanlar toy xərclərini qarşılamaq üçün borca və kreditə müraciət edirlər.
Ənənəvi toy anlayışı insanların maddi imkanlarını nəzərə almadan keçirilən bahalı mərasim modelinə çevrilirmi? Əvvəllər toy xəbəri alanda sevinən insanlar bu gün o sevinci itirirlər. Gələcəkdə Azərbaycanda toy adətləri dəyişə bilərmi?
Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev “AzPolitika”ya açıqlamasında bildirib ki, Azərbaycanda toy adətləri zamanla dəyişir.
Onun sözlərinə görə, əvvəlki dövrlərdə toy mərasimləri daha uzunmüddətli və genişmiqyaslı olurdu: “Ənənəvi toyların, məsələn, 30-40 il əvvəl iki-üç gün davam etdiyini özümüz də müşahidə etmişik. Bəzən bir toy, nişan və xına mərasimləri ilə birlikdə bir neçə ay davam edən prosesə çevrilirdi. Bunun da həmin dövr üçün xüsusi dəyəri var idi. İnsanlar belə mərasimləri xoşbəxtliyin, xüsusi simvolun və özünüifadənin bir forması kimi qiymətləndirirdilər.
Çox müxtəlif adətlərimiz var ki, onlar milli dəyərlərimiz olaraq qalır və lazım gəldikdə toy mərasimlərində tətbiq olunmalıdır. Lakin bütün adətləri olduğu kimi qoruyub saxlamaq və ya əvvəlki formada davam etdirmək mümkün deyil. Müəyyən mənada bu ənənələri inkişaf etdirərək ailə və mədəniyyət turizminin bir elementi, turizm obyektinə çevirmək də mümkündür. Buna görə də bu adətlərin qorunub saxlanılması vacibdir. Geyim tərzi, musiqi, milli geyimlər və digər elementlər toy mərasimlərinin əsas atributlarından biri olmalıdır”.
Sosioloq deyib ki, insanların borca girərək toy etməsi isə müasir dövrün tələblərindən birinə çevrilib: Bu, müəyyən mənada kapitallaşan dünyanın özünəməxsus xüsusiyyətidir. İnsanlar toya bir dəyər vasitəsi kimi baxırlar. Düşünürlər ki, nə qədər dəbdəbəli toy etsələr və qonaqları razı salsalar, bir o qədər yaxşı olar. Halbuki hər bir insan öz maddi imkanına uyğun hərəkət etməlidir. Daha məqsədəuyğun olan xərclərlə gəlirləri optimallaşdırmaqdır. İnsan toy keçirdikdən sonra ziyana düşürsə, mərasimi daha sadə şəkildə təşkil etmək mümkündür”.

Ekspert qeyd edib ki, mərasimin təşkili hər bir halda vəziyyətdən və şəraitdən asılıdır, fərqli yanaşma və qiymətləndirmə tələb edir: “İnsanlar əvvəllər toya dəvət olunanda sevinirdilər. Çünki hər şey daha ucuz və rahat başa gəlirdi, toy həm də bir növ bərəkət və birlik məkanı idi. Toyda kimin hansı qayğısının olduğu əsas məsələ deyildi. İnsanlar bir araya gəlir, imkanları çərçivəsində yeni ailəyə dəstək göstərirdilər. Kimisi mal-qara, kimisi pul, digəri isə başqa formada yardım edirdi. Hamı bir yerə toplaşır, bacardığı qədər nəmər verirdi ki, yeni ailə həyata yeni başlanğıc edə bilsin. Bu, Azərbaycan toylarının spesifik xüsusiyyətlərindən biridir. Amma indi zaman və şərait dəyişib. Bəzən bir insan beş toya dəvət olunur, lakin həmin şəxs öz ailəsindəki toy mərasimlərindən birinə belə eyni insanları dəvət edə bilmir. Qarşılıqlı yardımlaşma ənənəsinin prinsipləri müəyyən qədər pozulur. Əvvəllər insanlar ailənin yaranmasına və formalaşmasına yardım edir, yeni nəslin davamlılığını da toy mərasimləri ilə qeyd edirdilər”.
Naib Niftəliyev əlavə edib ki, indiki dövrdə bu proses müəyyən qədər kommersiyalaşıb. Dəyərlərə və münasibətlərə fərqli yanaşmalar, gender bərabərliyi məsələsinin daha qabarıq şəkildə gündəmə gəlməsi yeni sosial vəziyyət formalaşdırır: “Buna görə də insanlar bəzi məsələlərdə daha çox sıxıntı yaşayır, ehtiyac yarandıqda daha çox xərc çəkirlər, lakin ailədən gözlədikləri dəstəyi görməyə bilirlər. Boşanmaların sayının artması və digər amillər də əlavə maneələr və çətinliklər yaradır. Maddi imkanlar mütləq şəkildə nəzərə alınmalıdır. Bu, vacib şərtdir. Digər tərəfdən, toy mərasimləri və onların ənənələri həm qorunub saxlanılmalı, həm də zamanın tələblərinə uyğun şəkildə inkişaf etdirilməlidir. Lakin əvvəlki dövrlərdə olduğu kimi həddindən artıq xərc çəkmək və israfa yol vermək də doğru deyil. Eyni zamanda, milli dəyərlərdən uzaqlaşmaq da yanlış yanaşmadır”.
Oğuz Ayvaz
“AzPolitika.info”


Şərhlər