Menu

"Patriot raketlərinə tələbat təklifi üstələyir...” – “Ukraynaya əlavə resurslar tapılmalıdır"

19.09.2026, 00:04
"Patriot raketlərinə tələbat təklifi üstələyir...” – “Ukraynaya əlavə resurslar tapılmalıdır"

ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker Qərb mediasına müsahibəsində bildirib ki, ABŞ və müttəfiqlərinin əlində olan "Patriot" zenit-raket kompleksləri üçün raket tələbatı mövcud təklifi qat-qat üstələyir. Səfir xəbərdarlıq edib ki, müttəfiqlər Ukraynanın qış aylarında hava hücumundan müdafiəsini təmin etmək üçün təcili olaraq əlavə mənbələr tapmaq məcburiyyətindədirlər.

"Tələbat təklifi qat-qat üstələyir. Həm Birləşmiş Ştatlar, həm də xüsusilə müttəfiqlərimiz Ukraynanın soyuq qış aylarında özünü müdafiə edə bilməsi üçün ciddi səylər göstərməlidir", – deyə Uitaker vurğulayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski bu yaxınlarda bəyan etmişdi ki, ölkənin qış mövsümünü itkisiz başa vurması üçün təxminən 300 ədəd PAC-3 raketinə ehtiyacı var. Rusiyanın son aylarda intensivləşən hava zərbələri fonunda Kiyev Qərb tərəfdaşlarından davamlı olaraq əlavə HHM sistemləri və sursat tələb edir.

Uitaker Ukraynanın bu il neçə "Patriot" raketi ala biləcəyi barədə dəqiq rəqəm açıqlamasa da, Vaşinqtonun hazırda müttəfiqlərlə birgə Kiyevə verilə və ya satıla biləcək "sərbəst" raket ehtiyatlarını axtardığını bildirib. Səfirin sözlərinə görə, Yaxın Şərqdə İranla baş verən hərbi toqquşmalar zamanı ABŞ qüvvələrinin də "Patriot" raketlərindən istifadə etməsi ümumi ehtiyatlara mənfi təsir göstərib.

Eyni zamanda Ukrayna ərazisində "Patriot" raketlərinin birgə istehsalının təşkili imkanları müzakirə olunur. Lakin Uitaker qeyd edib ki, bu layihə yaxınlaşan qış mövsümünün problemlərini həll edə bilməz. Çünki tərəflər hələ də istehsal lisenziyaları və əqli mülkiyyət hüquqları ilə bağlı mürəkkəb prosedurları həll etməlidirlər.

Metyu Uitaker bu açıqlamaları Praqada keçirilən müdafiə konfransı çərçivəsində verib. Tədbirdə Avropanın bir sıra rəsmi şəxsləri də "Patriot" raketlərinin çatışmazlığından gileyləniblər. İsveçin müdafiə naziri Pol Yonson ölkəsinin təhvil verə biləcəyi artıq raketinin olmadığını, lakin Avro-Atlantik məkanından kənarda olan ölkələrlə danışıqlar apardıqlarını bildirib. Polşa isə Ukraynaya tərkibinə "Patriot" raketlərinin də daxil olduğu yeni hərbi yardım paketi açıqlasa da, ötürüləcək raketlərin dəqiq sayını bəyan etməyib.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol