ABŞ ordusu süni intellektin köməyi ilə hazırlanmış səhv kəşfiyyat hesabatına görə Yaxın Şərqdə hərəkət edən Çin gəmisinə qarşı hərbi əməliyyata hazırlaşıb.
"AzPolitika" xəbər verir ki, hadisə bu ilin yazında ABŞ və İsrailin İrana qarşı intensiv hərbi əməliyyatları zamanı baş verib.
Məlumata görə, ABŞ ordusunda dövriyyəyə buraxılan kəşfiyyat hesabatında Çin gəmisinin İranın nüvə proqramı üçün istifadə oluna biləcək komponentlər daşıdığı iddia edilib.
Bu məlumatdan sonra ABŞ hərbçiləri gəmini dayandırmaq və ələ keçirmək məqsədilə hərbi əməliyyat planlaşdırıblar. Lakin əməliyyatın başlanmasına az müddət qalmış rəsmilər hesabatın daha ətraflı yoxlanılmasını tələb ediblər.
Araşdırma zamanı hesabatın ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının analitiki tərəfindən süni intellektin köməyi ilə hazırlandığı üzə çıxıb. Analitikin istifadə etdiyi çatbot isə gəmidəki yükün təyinatını səhv müəyyənləşdirib.
ABŞ mənbələrindən biri hesabatı “tamamilə səhv” adlandıraraq, onun az qala müharibəyə səbəb ola biləcəyini bildirib.
Mənbənin sözlərinə görə, Çin gəmisinə qarşı hərbi müdaxilə ABŞ və Çin arasında daha geniş silahlı qarşıdurma riskini yarada bilərdi.
Gəmidə hansı yükün daşındığı açıqlanmır. ABŞ Müdafiə Nazirliyi isə hadisə ilə bağlı sorğuya cavab verməyib.


Şərhlər