Rusiyanın endirdiyi hava zərbələri Ukraynanın ən böyük üç polad zavodunu sıradan çıxararaq, ölkənin bütün metallurgiya sənayesini məhv olmaq təhlükəsi ilə üz-üzə qoyub. "Financial Times" (FT) nəşri bu barədə "Metinvest" və "ArcelorMittal" şirkətlərinin məlumatlarına istinadən xəbər verir.
Sentyabr ayının əvvəlində Rusiya ordusu Zaporojye və Dnepropetrovsk vilayətlərində yerləşən metallurgiya müəssisələrinə ballistik raket zərbələri endirib. Hücuma məruz qalan zavodlardan ikisi "Metinvest"ə, biri isə "ArcelorMittal"a məxsusdur. Zərbələr nəticəsində 17 fəhlə həlak olub.
"Metinvest" şirkətinin baş icraçı direktorunun (CEO) aparat rəhbəri Aleksandr Vodovits FT-yə açıqlamasında vəziyyətin böhran həddində olduğunu bildirib: "Bu gün Ukraynanın artıq polad istehsalı sənayesi yoxdur... Onlar zavod haqqında hər şeyi bilirdilər və dəqiq haranı vuracaqlarını yaxşı anlayırdılar".
Şirkətlərin dərc etdiyi göstəricilərə görə, sıradan çıxarılan bu üç zavod Birlikdə Ukraynanın polad istehsalının 90%-ni təmin edirdi.
Vodovits müəssisələrin bərpasının nə qədər vaxt aparacağının hələ ki, məlum olmadığını vurğulayıb. Həmin obyektlərdə ümumilikdə 15 min nəfərin çalışdığını qeyd edən şirkət rəsmisi, fəaliyyətin dayanmasının ciddi fəsadlara və dövlət büdcəsi üçün "böyük vergi itkisinə" səbəb olacağını əlavə edib.
Ukraynanın Baş naziri Serhiy Koretski Rusiyanın bu hücumları səbəbindən dövlətin təxminən 1.5 milyard dollar vergi gəlirindən məhrum ola biləcəyini bəyan edib.
Nəşr həmçinin Kiyevin ciddi bütcə kəsiri ilə qarşı-qarşıya qaldığını yazır. Baş nazir Koretskinin qiymətləndirmələrinə görə, bu il bütcə kəsiri 27 milyard dollara çata bilər.
Hökumətin hesablamalarına əsasən, Rusiyanın Qara dənizdə tətbiq etdiyi blokada Ukrayna ÜDM-nin (Ümumi Daxili Məhsul) təxminən 1.5%-i həcmində itkiyə yol açır.
Kənd Təsərrüfatı naziri Taras Vısotski bildirib ki, alternatvlərdən və alternatıv marşrutlardan istifadə olunması Ukraynaya normal kənd təsərrüfatı məhsulları həcminin yalnız 40%-ni ixrac etmək imkanı verir.
Kiyevdəki "Dragon Capital" investisiya bankının baş ekonomisti Yelena Bilan mövcud mənzərəni belə qiymətləndirib:
"Tükənmə müharibəsi davam edir və indi də iqtisadi tükənmə müharibəsi mərhələsinə keçilib. Rusiya Ukraynaya mümkün qədər çox zərər vurmağa çalışır, Ukrayna da eyni addımları atır."
Ukrayna Prezidenti Volodimir Zelenski də keçən həftə verdiyi bəyanatda Rusiyanın əsas məqsədini açıqlayıb: "Rusiya Ukrayna iqtisadiyyatını məhv edərək bizim müqavimətimizi qırmaq istəyir".
Qeyd edək ki, keçən həftənin sonu Rusiya pilotsuz uçuş aparatları (PUA) Ukraynanın qərbindəki dəmir yolu infrastrukturlarını da hədəf alıb. Bu hücumlar xarici rəsmilərin Polşa sərhədini keçməsindən dəqiqələr sonra reallaşıb.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər