Menu

Kredit faizləri azalmaq yerinə artdı

09.01.2015, 10:38
Kredit faizləri azalmaq yerinə artdı

Azərbaycanda banklarda kredit faizləri aşağı düşmək yerinə yüksəlib.

“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, əhaliyə (fiziki şəxslər) verilən kreditlər üzrə faiz dərəcəsi 2013-cü ilin dekabrından 2014-cü ilin dekabrına qədər ötən dövrdə cüzi artıb. Halbuki, əhali bankların kredit faizlərinin aşağı düşməsində ciddi endirimlər gözləyir.

01.12.2013-cü il tarixinə milli valyutada fiziki şəxslərə verilən kreditlər üzə orta faiz dərəcəsi 18,35% təşkil etmişdirsə, bu göstərici 01.12.2014-cü il tarixində 18,52% təşkil edib. 2012-ci ilin eyni tarixində bu göstərici 18,54% idi.

Xarici valyutada əhaliyə verilən kreditlər üzrə orta faiz dərəcəsi 20,70%-dən 21,97%-ə yüksəlib.

ŞİRKƏTLƏRƏ KREDİTLƏR DAHA UCUZ VERİLİR

Mərkəzi Bankın məlumatına görə, hüquqi şəxslərə verilən kreditlər üzrə orta faiz dərəcəsi aşağı düşüb. 01.12.2013-cü il tarixində 11,40 % olan orta faiz, 01.12.2014-cü il tarixində 10,12%-ə düşüb. Xarici valyutada hüquqi şəxslərə verilən kreditlər üzrə orta faiz dərəcəsi isə 10,98%-dən 9,70%-ə düşüb.

Ümumiyyətlə, 01.12.2014-cü il tarixində bankların həm fiziki, həm də hüquqi şəxslərə verdiyi kreditlər daxil orta faiz dərəcəsi milli valyutada 13,84%, xarici valyutada isə 14,53% təşkil edib. Bu nisbətlər 01.12.2013-cü il tarixində müvafiq olaraq 14,33% və 14,55% təşkil etmişdi.

ƏN BAHALI VƏ ƏN UCUZ KREDİTLƏR

Azərbaycanda ən bahalı kreditlər milli valyutada 9 aydan 1 ilə qədər verilən kreditlər (orta faiz 18,15 ). Ən ucuz kreditlər isə 10 ildən artıq müddətə xarici valyuta ilə verilən kreditlərdir ( orta faiz 7,50%).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol