Menu

Zəngəzur dəhlizi praktiki müstəvidə - Üç ölkə birgə şirkət yaradır

23.09.2026, 11:33
Zəngəzur dəhlizi praktiki müstəvidə - Üç ölkə birgə şirkət yaradır

ABŞ rəsmiləri bu gün Nyu-Yorkda, BMT Baş Assambleyası çərçivəsində keçiriləcək tədbirdə "Trump Beynəlxalq Sülh və Rifah Marşrutu" (TRIPP) layihəsi adlandırılan Zəngəzur dəhlizininicrasına dair növbəti strateji addımları açıqlayacaqlar. Bu nəqliyyat və infrastruktur layihəsi Cənubi Qafqaz, Mərkəzi Asiya və Qərb bazarları arasında tamamilə yeni ticarət marşrutlarının əsasını qoyacaq.

ABŞ Dövlət Departamentinin yüksək rütbəli nümayəndələri media mənsublarına bildiriblər ki, Nyu-York toplantısı Zəngəzur dəhlizini sadəcə sülh təşəbbüsü mərhələsindən çıxararaq, onun praktiki reallaşması üçün vacib olan institusional və maliyyə mexanizmlərinə həsr olunacaq.

Tədbirdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin, layihəyə xüsusi maraq göstərən Qazaxıstan və Özbəkistan başda olmaqla Mərkəzi Asiyanın 5 ölkəsinin nümayəndələrinin, ABŞ Prezidentinin Sülh üzrə Xüsusi Elçisi Stiv Uitkoffun, senator Stiv Deynsin və əksəriyyəti amerikalı olan 40-dan çox transmilli korporasiyanın rəhbərinin iştirakı gözlənilir.

Vaşinqton vurğulayır ki, bu təşəbbüs "Orta Dəhliz"in tam gücü ilə açılmasına, Avropanı Mərkəzi Asiyaya bağlayan Qərb yönümlü ticarət yolunun işə düşməsinə, bununla da Rusiya, Çin və İrandan keçən tranzit xətlərindən asılılığın kəskin azalmasına xidmət edəcək.

Toplantıda, həmçinin koridorun yaradacağı imkanlara sərmayə yatıracaq "Trans-Xəzər Təşəbbüs Fondu" müzakirə olunacaq. Fond birbaşa ABŞ hökuməti tərəfindən idarə olunmasa da, Ağ Evin təyin etdiyi Şuranın nəzarəti altındadır və Dövlət Departamentindən qrantlar alır.

Zəngəzur dəhlizinin inkişafı və idarə edilməsi üçün ABŞ və Ermənistanın birgə müəssisəsi olan "TRIPP İnkişaf Şirkəti" (TDC) yaradılır. Onun səhmlərin böyük hissəsi ABŞ-yə məxsus olacaq. Şirkətin idarə heyəti, səsvermə prosedurları, audit mexanizmləri və peşəkar menecmenti formalaşdırılır. Dəmir yolu, avtomobil yolu, elektrik, neft, qaz və rəqəmsal məlumat ötürülməsi layihələri beynəlxalq tenderlər əsasında həyata keçiriləcək. Qeyd edək ki, ABŞ İnkişaf Maliyyə Korporasiyası (DFC) hüquqi strukturu hazırlayır, "AECOM" mühəndislik şirkəti isə hazır layihələri artıq bu gün investorlara təqdim edəcək.

Elan olunan böyük planlara baxmayaraq, Ermənistan ərazisindən keçəcək təxminən 43 kilometrlik hissənin tikintisinə başlamaq üçün müəyyən vaxt tələb olunur. Şirkətlərin layihəyə cəlb edilməsi və investisiya imkanlarının qiymətləndirilməsinə 2026-cı ilin sonu və ya 2027-ci ilin birinci rübündə start veriləcək. Texniki-iqtisadi əsaslandırma 2026-cı ilin sonunadək hazır olacaq. Tikinti çətin relyef səbəbindən ən azı 18 ay çəkəcək. Dövlət Departamentinin rəsmisi açıq şəkildə bildirib: "2027-ci ildə heç kim bu qatara minməyəcək". Ən tez istifadəyə veriləcək infrastruktur elektrik xətləridir. Birləşdirilmiş elektrik şəbəkəsinin 2027-ci ildə işə düşməsi, Azərbaycan və Ermənistanı Mərkəzi Asiya, Türkiyə və Avropa şəbəkələrinə inteqrasiya etməsi gözlənilir. Qeyd olunub ki, Azərbaycan və Türkiyə öz ərazisindən sərhədədək olan infrastrukturu artıq sürətlə inşa edirlər.

Vaşinqton rəsmiləri Zəngəzur dəhlizinin mövcud Şərq-Qərb marşrutlarına alternativ olduğunu gizlətmirlər. Dövlət Departamentinin rəsmisi bildirib ki, regiondakı bütün rəqiblərlə (Rusiya və İran nəzərdə tutulur) məsləhətləşmələr aparılıb və mürəkkəb qonşuların olduğu regionda gərgin danışıqlar ehtimalı nəzərə alınır. Koridorda xüsusi hərbi təhlükəsizlik qüvvəsinin yerləşdirilməsi nəzərdə tutulmur; təhlükəsizliyin zəmanəti kimi ABŞ-nin regiona artan iqtisadi və siyasi bağlılığı göstərilir.

Ağ Ev rəsmiləri 8 avqust 2025-ci il Sammitindən bu yana regionda atəşkəs pozuntusunun yaşanmadığını, Azərbaycanın Ermənistana yanacaq tədarükü sayəsində Ermənistanda yanacağın 20-30% ucuzlaşdığını vurğulayıblar.

Eyni zamanda, ABŞ-Azərbaycan əlaqələrinin keyfiyyətcə yeni müstəviyə keçdiyi qeyd olunub. Son 13-14 ay ərzində Vaşinqton və Bakı arasında baş tutan yüksək səviyyəli təmasların sayı əvvəlki 13-14 ildən daha çox olub. Enerji əməkdaşlığı genişlənib, müdafiə sektoru üzrə danışıqlar intensivləşib.

Vaşinqton hesab edir ki, yekun sülh müqaviləsi rəsmən imzalanmasa belə, Bakı və İrəvan artıq sülhün "qaçılmazlığı" prinsipi ilə hərəkət edirlər və TRIPP layihəsi qalan maneələri də tamamilə aradan qaldıracaq.

Rasim Əliyev

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol