Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin "Erzurumspor"dakı gələcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.
"AzPolitika" xəbər verir ki, futbolçunun meneceri Tural Əsgərov Oxu.Az-a açıqlamasında sosial şəbəkələrdə yayılan iddiaların həqiqəti əks etdirmədiyini bildirib.
O, heç bir klubun Nərimanı istəmədiyi və ya onunla müqaviləni pozmaq niyyətində olduğu barədə rəsmi açıqlama vermədiyini vurğulayıb:
"Sosial şəbəkələri elə də izləmirəm. Orada çox şey yazıla, hər cür məlumat yayıla bilər. Hələlik fakt odur ki, Nəriman oynayır. "Erzurumspor"un və ya "Kolambus Kryu"nun Nərimanı istəmədiyini demək qətiyyən düzgün deyil. Heç bir klubdan bizə "Nərimanı istəmirik, onunla müqaviləni pozmaq istəyirik" kimi fikir bildirilməyib.
Belə bir hal olarsa, klubların özündən də xəbər tutacaqsınız. Nərimanın nə düşündüyünə, gələcəkdə nə etmək istədiyinə gəlincə, ən azı qışa qədər "Erzurumspor"da qalacaq. Ondan sonra vəziyyətə baxıb nə etmək lazım olduğunu müəyyənləşdirəcəyik".
Xatırladaq ki, Nəriman Axundzadə bu ilin fevralında "Qarabağ"dan ABŞ-nin "Kolambus Kryu" klubuna transfer olunub. O, avqustda "Erzurumspor"a icarəyə verilib.


Şərhlər