“Paytaxtın tıxac probleminin həlli Bakıda deyil …”
Paytaxt Bakıda hər gün yaşanan iflicedici nəqliyyat tıxacları və sürətli urbanizasiya şəhərin real əhali sayının rəsmi statistikadan dəfələrlə çox olduğunu göstərir.
İqtisadçı-ekspert Eldəniz Əmirov şagird sayının proporsional təhlilinə əsaslanaraq Bakı və Abşeronda faktiki yaşayan əhalinin 4 milyon nəfərə yaxınlaşdığını ortaya çıxarıb.
"AzPolitika" xəbər verir ki, iqtisadçı-ekspert Eldəniz Əmirov paytaxtın real əhali yükünü və nəqliyyat kollapsının kökündə duran demoqrafik amilləri maraqlı rəqəmlərlə təhlil edib.
Ekspert qeyd edir ki, Bakının real əhalisini kommunal xidmətlər, səhiyyə və ya mənzil fondu üzrə hesablamaq yüksək xəta payı verir. Ən real mənzərəni mobil operatorların məlumatları və rəsmi məktəbli sayı ortaya qoya bilər.
İqtisadçının təqdim etdiyi statistik hesablamanın əsas məqamları:
Hazırda Bakıdakı 354 dövlət və özəl məktəblərdə 560 mindən çox şagird təhsil alır. Bakı aqlomerasiyasının ayrılmaz hissəsi olan Abşeron rayonundakı 62,5 min şagirdi də əlavə etdikdə bu rəqəm 623 minə çatır.
Azərbaycan üzrə toplam 1,6 milyon şagirdin 39%-i məhz Bakı və Abşeronun payına düşür.
Ölkə əhalisinin 10,2 milyon nəfər olduğunu nəzərə alıb 39%-lik nisbəti tətbiq etdikdə, Bakı və Abşeronda faktiki yaşayan əhalinin sayı təxminən 4 milyon nəfər alınır.
Eldəniz Əmirov vurğulayır ki, son 10 ildə paytaxta axın kritik həddə çatıb. 2015-2016-cı illərdə Bakı və Abşeronda 410 min şagird olduğu halda, hazırda bu rəqəm 623 minə yüksəlib (52% artım). Eyni dövrdə ölkə üzrə şagird sayı cəmi 18% artıb. Bu o deməkdir ki, Bakı aqlomerasiyasında məktəbli artımı ölkə göstəricisindən 3 dəfə yüksəkdir.

Buna son 10 ildə tələbə sayının 100 min nəfər (62,3%) artması, bu artımın ən azı 80 mininin Bakının payına düşməsi və tələbələrin ardınca ailələrin də paytaxta köçməsi əlavə olunur.
İqtisadçı bildirir ki, gündəlik nəqliyyat yükü faktiki 4 milyondan da yüksəkdir. Hər gün Sumqayıtdan və ətraf kəndlərdən on minlərlə insan iş və təhsil üçün Bakıya gəlir. Bakının inzibati ərazisi 2,2 min kv. km olsa da, sıx məskunlaşma dərhal əsas nəqliyyat dəhlizləri boyunca cəmləşib və bu da infrastrukturu iflic edir.
Eldəniz Əmirovunsözlərinə görə, Bakının tıxac probleminin həlli Bakıda deyil, regionların inkişafında və urbanizasiya siyasətindədir.
Ekspert problemi dəqiq qiymətləndirmək üçün hökumətə vacib təklif irəli sürüb: "Təklif edirəm ki, hökumət mobil operatorların anonimləşdirilmiş və aqreqasiya olunmuş məlumatları əsasında Bakı və ətrafında faktiki yaşayan əhalinin sayını dəqiqliyə yaxın müəyyənləşdirsin. Bu məlumat ictimaiyyətə açıqlanmasa belə, regional inkişaf proqramlarının hazırlanması və şəhər infrastrukturunun düzgün planlaşdırılması baxımından oldukça vacib datadır".
Rasim
“AzPolitika.info”


Şərhlər