Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının növbəti sessiyası çərçivəsində dünya liderlərinin mühüm görüşləri və bəyanatları diqqət mərkəzindədir. Sentyabrın 22-də ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən və 40 dəqiqə qapalı davam edən təkbətək görüş, eləcə də Avropa İttifaqının (Aİ) rusiyalı milyarderlər üzərindən sanksiyaları qaldırması ekspertlər tərəfindən geniş müzakirə olunur.
"AzPolitika" xəbər verir ki, BMT kürsüsündən çıxış edən ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun müharibəni dayandırmaq üçün Moskva və Kiyevlə sıx əməkdaşlıq etdiyini, Moskvaya qarşı təzyiqləri artırmağa ("cəhənnəm sanksiyaları" haqqında qanun) hazır olduğunu bəyan edib. Görüşdən sonra Volodimir Zelenski Rusiya ilə "qarşılıqlı olmaq şərtilə enerji infrastrukturlarına hücumların dayandırılması" (enerji atəşkəsi) ideyasına hazır olduğunu bildirib.
ABŞ Dövlət Katibi Marko Rubio isə vurğulayıb ki, hazırda belə bir rəsmi saziş olmasa da, bu cür razılaşma "tamamilə məntiqidir" və müharibə hərbi qələbə ilə deyil, danışıqlar masasında başa çatacaq.
Tanınmış hərbi və siyasi ekspertlər BMT sessiyası çərçivəsində baş verən bu hadisələri təhlil ediblər.
Hərbi icmalçı Sergey Auslender Rusiya və Ukrayna arasında yaxın vaxtlarda yalnız enerji obyektlərinə dair lokal atəşkəsin əldə olunacağına şübhə ilə yanaşır: "Cəbhə xəttinin hərəkətsiz qaldığı bir vaxtda Rusiya üçün bu, Ukraynaya təzyiq göstərmək vasitəsidir. Bu ideya ilk növbədə Donald Trampa lazımdır ki, neft və yanacaq qiymətlərini düşürsün. Lakin müharibə müharibədir. Ya tam miqyaslı döyüşürsən, ya da döyüşmürsən. 'Neft emalı zavodlarını vurmayaq, amma neft bazalarını və ya elektrik stansiyalarını vuraq' kimi yanaşmalar işləməyəcək. Əvvəlcə ümumi atəşkəs elan olunmalı, sonra danışıqlar aparılmalıdır".
Amerikaşünas, politoloq Anton Penkovski hesab edir ki, Qərb Ukraynaya cəbhədə üstünlük təmin edəcək yetərli silah vermədiyi üçün proses ləngiyir: "Aİ, NATO və ABŞ-nin əlində Ukraynaya cəbhədə böyük üstünlük verəcək qədər resurs var. Lakin Qərb bunu etmir. Tramp administrasiyası Rusiyalı rəsmilərlə danışıqlarda konkret addımlar təklif etsə də, qarşı tərəfdən hər dəfə Rurikoviçlər və peçeneqlər haqqında mücərrəd tarixi mühazirələr dinləməyə məcbur olur. Amerikalılar anlaya bilmir ki, Rusiya hakimiyyəti hiylə işlədir, yoxsa sadəcə konkret tələblərini formalaşdıra bilmir".
BMT sessiyası günlərində Avropa İttifaqının rusiyalı milyarderlər — Əlişir Usmanov və Mixail Fridman üzərindən sanksiyaları qaldırması da böyük rezonans doğurub. Politoloq Ruslan Aysin bu addımın avropalılar və rusiyalı müxalifətçilər arasında ciddi suallar yaratdığını bildirib: "Əgər sanksiya götürülürsə, deməli onlar nəyisə vəd ediblər - bəlkə Ukraynanın bərpasına pul ayırmağı, bəlkə de Kremlin məxfi məlumatlarını bölüşməyi. Lakin Avropa rəhbərliyi sadə rusiyalıların Avropada bank hesabı belə aça bilmədiyi bir vaxtda bu oliqarxların niyə bağışlandığını öz ictimaiyyətinə izah edə bilmir".
Rasim
“AzPolitika.info”


Şərhlər