Azərbaycanda super elit və elit toxumların istehsalına yüksək məbləğli subsidiyalar veriləcək. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib. O, həmçinin fermerlərin bazardakı tələb-təklifə uyğun planlaşdırma aparması üçün süni intellekt əsaslı tənzimləmə mexanizminin hazırlandığını vurğulayıb.
Bəs bu subsidiyadan hansı fermerlər və təsərrüfatlar yararlana biləcək? Ümumiyyətlə, subsidiyanın alınması üçün fermer qarşısında hansı şərtlər qoyulacaq və bu, toxum və digər kənd təsərrüfatı məhsullarının qiymətinə təsir göstərə bilərmi?
Mövzunu "Azpolitika"ya şərh edən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu il aqrar subsidiyadan yararlanmaq artıq sadəcə torpağın əkilməsi ilə məhdudlaşmır:
"Əsas şərtlərdən biri təsərrüfatın Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində, yəni EKTİS-də bəyan edilməsi və müəyyən olunan istehsal, toxum, sığorta və digər tələblərə əməl edilməsidir. 2026-cı il üçün subsidiya mexanizmi həm əkin sahələrinə, həm məhsul istehsalına, həm toxumçuluğa, həm də bağçılıq və heyvandarlığın müxtəlif istiqamətlərinə şamil edilir. Məsələn, işğaldan azad edilən ərazilərdə məskunlaşan və onlara verilən torpaqlarda əkin aparan fermerlər üçün birillik bitkilər və yonca üzrə subsidiya 50 faiz artırılmış şəkildə tətbiq olunur.
Bu il fermer üçün diqqətçəkən əsas dəyişikliklərdən biri sertifikatlı toxumla bağlı tələblərin sərtləşdirilməsidir. Buğda üzrə 10 hektardan, arpa üzrə isə 100 hektardan artıq əkin sahəsi olan təsərrüfatlarda sertifikatlı toxumdan istifadə edilmədikdə subsidiya azaldılır. Sonrakı mərhələdə bu tələb daha geniş təsərrüfatlara da tətbiq olunacaq. Bundan başqa, subsidiyanın alınması üçün bəzi bitkilərin sığortalanması tələb edilir. 2026-cı ildə bu siyahıya buğda, arpa, çəltik, qarğıdalı ilə yanaşı günəbaxan da əlavə edilib və bu bitkilər üzrə sığortalanmalı əkin sahəsi üçün minimum ölçü 7 hektar müəyyənləşdirilib".
Ekspertin sözlərinə görə, dövlətin yeni yanaşmasında subsidiya sadəcə fermerə pul vermək mexanizmi kimi deyil, istehsalın keyfiyyətini və məhsuldarlığını artırmaq vasitəsi kimi qurulur:
"Müasir suvarmadan istifadə edən təsərrüfatlara bir sıra məhsullar üzrə daha yüksək subsidiya verilməsi, sertifikatlı toxumun təşviqi və beynəlxalq sertifikatların alınmasına 7 min manatdan 36 min manatadək dəstək göstərilməsi bunun nümunəsidir.
Subsidiyanın artırılmasının toxum və digər kənd təsərrüfatı məhsullarının qiymətinə təsir etməsi mümkündür. Xüsusilə, müəyyən toxumlara tələbat dövlət dəstəyi hesabına sürətlə artırsa, bazarda təklif eyni templə genişlənmədiyi halda qiymət yüksəlişi yarana bilər. Bu, subsidiya vəsaitinin bir hissəsinin toxum, gübrə, texnika və digər istehsal vasitələrinin qiymətinə keçməsi riskini yaradır. Belə halda fermer nominal olaraq daha çox subsidiya alsa da, onun real gəliri gözlənilən qədər artmaya bilər.
Lakin bunun əks istiqamətdə təsiri də mümkündür. Sertifikatlı toxumdan istifadənin genişlənməsi yerli toxumçuluğun inkişafına və məhsuldarlığın yüksəlməsinə səbəb olarsa, orta müddətdə məhsulun maya dəyərinin aşağı düşməsi mümkündür. Dövlət də məhz bu istiqaməti stimullaşdırır: 2026–2027-ci əkin mövsümündən yerli super-elit buğda və arpa toxumçularına daha yüksək əkin subsidiyası verilməsi nəzərdə tutulur.
Burada əsas məsələ subsidiyanın məbləğinin artırılmasından daha çox onun bazarda necə bölüşdürülməsidir. Əgər dövlət dəstəyi artarkən toxum, gübrə, yanacaq və aqrotexniki xidmət göstərən şirkətlərin qiymətləri də eyni həcmdə yüksəlirsə, subsidiyanın fermer üçün real effekti zəifləyir. Ona görə subsidiya siyasəti istehsalçıya verilən vəsaitlə yanaşı, həmin vəsait hesabına alınan əsas kənd təsərrüfatı resurslarının qiymətlərinin də monitorinqini tələb edir. Ümumilikdə, bu il subsidiyadan daha çox məhsuldarlıq, keyfiyyət, sertifikatlı toxum, sığorta və müasir texnologiya tələblərinə cavab verən təsərrüfatların faydalanması nəzərdə tutulur. Bu yanaşma fermeri sadəcə subsidiya alan deyil, daha məhsuldar və bazara uyğun istehsal edən təsərrüfat qurmağa sövq edə bilər. Amma subsidiya artımının fermerin cibində real gəlir artımına çevrilməsi üçün toxum və digər aqrar resursların qiymətlərinin paralel şəkildə nəzarətdə saxlanılması vacibdir".
Günəş Fərəh
Azpolitika.info


Şərhlər