Çin avtomobil sənayesi də daxil olmaqla, bir sıra iqtisadi sektorlarda Avropadan öndədir. Bunu Niderlandın Baş naziri Rob Yetten deyib. O bildirib ki, Çin avtomobil sənayesi, xüsusən də elektrikli nəqliyyat vasitələri kimi bəzi sektorlarda Avropadan açıq şəkildə irəlidədir.
Bəs Çin yaxın gələcəkdə Avropanın və ümumiyyətlə dünyanın avtomobil brendlərini sıradan çıxara bilərmi?
Mövzu ilə bağlı "Azpolitika"ya açıqlama verən Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası İdarə Heyətinin sədri Eyyub Əliyevin sözlərinə görə, dünya iqtisadiyyatında baş verən proseslərə nəzər saldıqda, Avropa ilə Çin arasında ciddi rəqabətin mövcud olduğunu görürük:
"Bu rəqabət xüsusilə iqtisadi və ticarət sahəsində özünü göstərir. Avropa müəyyən sahələrdə Çindən asılılığı azaltmağa və özünə alternativ bazarlar yaratmağa çalışır.
Avropa öz maraqlarına uyğun şəkildə hərəkət edir və Çinlə münasibətlərdə müəyyən dəyişikliklərə nail olmağa çalışır. Onlar Çindən asılılığın azaldılması üçün müxtəlif addımlar atırlar. Amma Çinlə iqtisadi əlaqələrdən tamamilə imtina etmək o qədər də asan deyil. Çünki Çin böyük istehsalçı və nəhəng bazardır. Çin məhsulları həm Avropada, həm Amerikada, həm də dünyanın digər böyük bazarlarında geniş şəkildə satılır. Ona görə də Çindən tamamilə uzaqlaşmaq qısa müddətdə mümkün görünmür".
Ekspertin fikrincə, daha çox müəyyən strateji sahələrdə asılılığın azaldılması və alternativlərin yaradılması istiqamətində addımlar atılır:
"Bu prosesin nə qədər uğurlu olacağını isə zaman göstərəcək. Əsas məsələ ondan ibarətdir ki, Avropa ilə Çin arasında iqtisadi rəqabət bundan sonra da davam edəcək və müəyyən sahələrdə bunun daha da kəskinləşməsi mümkündür".
Günəş Fərəh
Azpolitika.info


Şərhlər