Avropa İttifaqı (Aİ) ölkələri Avropa Sülh Fondu xətti ilə Ukraynaya 6,6 milyard avro həcmində hərbi yardımın ayrılması şərtləri barədə yekdil razılığa gəliblər. Bu barədə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bəyanat verib.
Diplomatiya rəhbəri bu qərarı strateji dönüş nöqtəsi kimi dəyərləndirərək xüsusi vurğulayıb: "Bu, Ukrayna üçün yaxşı, Rusiya üçün isə pis xəbərdir".
Ayrılan 6,6 milyard avroluq paketin strukturu hərbi ehtiyacların operativ qarşılanmasına yönəlib:
900 milyon avro - Aİ-nin Ukraynaya Hərbi Yardım Missiyasının maliyyələşdirilməsinə və ukraynalı hərbçilərin təlimlərinə;
1 milyard avro - yeni birgə hərbi avadanlıq və silah-sursat satınalmalarına;
4,7 milyard avro - İttifaq ölkələrinin Kiyevə əvvəllər təhvil verdiyi silah və hərbi texnika xərclərinin kompensasiyasına yönəldiləcək.
Kaya Kallasın sözlərinə görə, bəzi üzv dövlətlər kompensasiya kimi alacaqları vəsaiti yenidən birbaşa Ukraynanın müdafiə ehtiyaclarına yönəldəcəklərini bəyan ediblər.
Xatırladaq ki, sözügedən 6,6 milyard avroluq dəstək paketi təxminən iki il boyunca Macarıstanın veto qoyması səbəbindən dondurulmuş vəziyyətdə qalmışdı. Eks-baş nazir Viktor Orbanın hökuməti qərarı müharibənin eskalasiya riski ilə əsaslandıraraq bloklayırdı.
Ancaq Macarıstandakı hakimiyyət dəyişikliyindən sonra yeni Baş nazir Peter Madyar vetonu götürməyə razılıq verib. Bunun müqabilində Budapeşt Bryusseldən qanunun aliliyi tələbləri ilə əlaqədar dondurulmuş 16 milyard avrodan çox avrofond vəsaitinin mərhələli şəkildə açılmasını gözləyir.
2021-ci ildə Aİ-nin ümumi büdcəsindən kənar mexanizm kimi yaradılan Avropa Sülh Fondu tərəfdaş ölkələrə hərbi yardım göstərmək məqsədi daşıyır. Rusiyanın genişmiqyaslı işğalından sonra bu fond Kiyevə silah tədarükünün əsas maliyyə sütununa çevrilib.
Rusiya tərəfi isə Qərbin hərbi yardımlarını kəskin tənqid etməkdə davam edir. Moskva iddia edir ki, hərbi dəstək paketləri döyüş əməliyyatlarını uzadır və Rusiyanın hərbi məqsədlərinə çatmasına mane ola bilməyəcək.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər