Milli Məclisin deputatı Fəzail İbrahimli qarpız satan Xəyal Əsədovun ona görə işsiz qalması iddialarına cavab verib.
"AzPolitika" lent.az-a istinadla xəbər verir ki, deputat haqqında danışılanlar fərqli formada baş verdiyini bildirib və bu məsələdə onun günahı yoxdur:
"Saytların şikayətçilərin dediklərini belə tirajlaması açığı, məndə təəccüb doğurub. Şikayətçi eninə və dərininə yazıb. Mən də deyirəm ki, bu işlə hüquq-mühafizə orqanları məşğul olub. Sən haqqı öyrənmək istəyirsənsə, hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb bu məsələnin mahiyyətini gündəmə gətirə bilərdin. Amma çox təəssüf ki, mələk libasına girmiş bu vücud özü haqqında elə bir obraz yaradıb ki... Sanki, dünyanın ən məzlum, ən yazıq adamı və bir zalım deputat tərəfindən təzyiqə məruz qalmış, işini itirmiş insandır. Amma əsl həqiqət iki məsələdir və bunu bir-birilə qarışdırır. Birincisi, polisə getmək məsələsidir. Bu, avqustun 3-də olub. Avqustun 3-də polisə gedibsənsə, bunu niyə indi gündəmə gətirirsən? İkincisi, iş yerini itirmişəm deyirsən. Qısa aydınlıq gətirim. Sən polisə niyə getmisən? Polisə niyə şikayət olunmusan? Yer üzündə elə insan var ki, bir ağ qarpıza görə ondan polisə şikayət olunsun? Buna da inanırlar, rəylər yazırlar. Lap yazır ki, mən ağ qarpıza görə bu işimi itirmişəm. Bu necə ola bilər? Orta səviyyədən aşağı ağlı olan adam… Belə şey mümkün deyil axı. Bunun sənəti odur, qarpız satır, mən də alıcıyam. Birinci qarpızı kəsir ağ, ikinci ağ. Mən də gördüm ki, bunu hansısa şirkətdən alıb, hamısını məhv edəcək. Özü də bərk qəzəblənib, özündə deyil. Mən istədim məsələni həll edim, qarpızların pulunu verim, çıxım gedim".
Deputatın sözlərinə görə, satıcını tərbiyələndirmək üçün hüquq-mühafizə orqanlarına şikayət edib:
"Dedim daha o birilərə dəymə, narahat olma, mən qarpız almayacağam. Əlimi cibimə salmaq istəyəndə dedi ki, sən qarpız alan deyilsən, sən xeyir verən adam deyilsən e. Dedi, səndə ziyan verən adam sifəti var. Açığı, mən mat qaldım ki, burada mənim nə günahım var? Sənin aldığın məhsul zay çıxıb. Dedim, mənim nə günahım var ki, sən bu tərzdə mənimlə danışırsan? Sən məni tanıyırsan ki, ittiham edirsən? Vay-vay. Bu cümləni deməklə, o, necə coşdu! Əlindəki bıçaqla gəldi qarşımda durdu. Bıçağı da elə qoyub ki! Məsafə cəmi 5 santimetr. Dedi mən səni niyə tanımalıyam?! Sən kimsən ki, mən səni tanıyım?! Sən Allahsan, nəsən?! Biri var, deyəsən ki, ə, özünü yığışdır, məni tanıyırsan? Biri də var, deyirəm ki, məni tanımadan mənim üstümə niyə gəlirsən? Bir mesajdır da, verirəm. Sən nə bilirsən, mən hüquq işçisiyəm, deputatam, nəyəm? Gördüm, çox təhlükəli bir oyunun içindəyəm. Yavaşca geri çəkildim. Hələ mənim arxamca nə lazımdır, dedi. Gəlib hüquq-mühafizə orqanlarına müraciət etdim.
Cinayət işi üçün, onu məhv etmək üçün yox, tərbiyə etmək üçün bir addım atdım. Özü də xeyrinə oldu. O, həmin gün ola bilərdi ki, nəsə istifadə eləmişdi, bilmirəm, ağır duruma düşə bilərdi. Özü deyir ki, 50 manat cərimə olundum, bununla söhbət bitdi. Bu necə olur ki, indi yadına düşür? Deyir, mən onu işsiz qoymuşam. Bu adam ziyanlı işlədiyinə, insanlarla rəftar edə bilmədiyinə, bir insanın üstünə gedib bu vəziyyətə düşdüyünə görə belə duruma düşüb. O, köşkdə yalnız satıcı idi, sahibi deyildi. Köşkün sahibi gördü ki, bu, onun üçün problem yaradır, kənara atdı. Burada Fəzailin nə günahı? Mənim köşküm var ki, səni oradan qovum? Yaxud polisə düşdüyünə görə səni işdən qovublar? Məsələnin mahiyyəti elədir ki, bir tərəfdə ticarətlə məşğul olan insan, o biri tərəfdə də professor, millət vəkili. Ölçün, biçin. İnsan atdığı addımlarda Allahı unutmamalıdır. Allah haqsız danışanlara qənim olar. Mənim yazım oxunaqlı olsun deyə, ay aman qoyma gəldi, deputat tapmışıq, işdən adam qovub. Məni tanıyanlar yaxşı tanıyır. Bu şeylər də mənim imicimə təsir edə bilməz. Çünki cəmiyyətdə məni yaxşı tanıyanlar bilir ki, qətiyyətim, iradəm və insanlara münasibətim nədir".
Qeyd edək ki, Bakı şəhər sakini, meyvə-tərəvəz satıcısı Xəyal Əsədovun iddialarına əsasən, deputat Fəzail İbrahimliyə satdığı qarpızların ağ olmasından sonra işsiz qalıb.


Şərhlər