Rusiya qoşunları gecə saatlarında Ukraynanın Xarkov şəhərinin Saltov rayonunda çoxmərtəbəli yaşayış binasına zərbə endirib. Hücum nəticəsində binanın bir bloku tamamilə dağılıb.
Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbovun məlumatına görə, hadisə nəticəsində 25 nəfər xəsarət alıb. Yaralananlar arasında 9 uşaq da var ki, onlardan 3-ü xəstəxanaya yerləşdirilib. Fövqəladə hallar xidmətinin əməkdaşları dağıntılar altında qalanların axtarışını və xilasetmə işlərini davam etdirirlər. Şəhər merinin sözlərinə görə, bu, son dövrlərdə Xarkova edilən miqyasına görə ən ağır zərbələrdən biridir.
Digər bölgələrə də hücumlar olub. Paytaxtda müxtəlif rayonlar pilotsuz uçuş aparatları və raketlərin hədəfi olub. Nəticədə 4 nəfər xəsarət alıb, 17 yeniyetmə xəstəxanaya yerləşdirilib. Ofis binaları, yanacaqdoldurma məntəqələri və kafelərə ziyan dəyib.
Odessa vilayətinin Cənub bölgəsində yaşayış massivinin atəşə tutulması nəticəsində 2 nəfər yaralanıb, 7 evə və avtomobillərə ziyan dəyib.
Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Rusiya gecə ərzində Ukrayna istiqamətində 165 zərbə PUA-sı buraxıb, bunlardan 112-si hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
Rusiya Müdafiə Nazirliyi isə öz növbəsində Kiyev, Kiyev vilayəti, Odessa və digər bölgələrdə hərbi-infrastruktur obyektlərinin, o cümlədən rabitə və logistika mərkəzlərinin hədəf alındığını iddia edib.
Rasim
"AzPolitika.info"


Şərhlər